Deputat həmkarlarına səsləndi: “Ayıbdır!”

"Bəzi deputatların maaşların artırılması ilə bağlı fikirlər səsləndirmələri, hətta bununla bağlı parlament komitələrində çıxış etmələri doğrusu məni çox narahat edir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O, üzünü son günlər deputatların əmək haqlarının artırılması təklifləri səsləndirən həmkarlarına tutaraq bunun heç də ədalətli olmadığını deyib:
 
"Deputatlara 1750 manat bəs edir...”
 
"Məsələ ondadır ki, bəzi deputatlar bizim maaşları başqa ölkə deputatlarının aldıqları məvaciblə müqayisə edirlər. Digərləri isə deputatların maaşının ölkədəki orta aylıq əmək haqqı ilə müqayisəsini aparırlar. Əgər başqa ölkələrin parlamentləri ilə müqayisə aparsaq, Azərbaycan deputatlarının maaşı aşağıdır.

Amma mən belə hesab edirəm ki, bu daha ədalətlidir. Azərbaycan içində özümüzü müqayisə etməliyik. İndiki vəziyyətdə Azərbaycandakı orta aylıq əmək haqqı 300-400 manatın civarındadırsa, deputatın 1750 manat maaş alması kifayət edir”.
 
"20 il ərzində maaş almadım...”
 
T.Kərimli deyib ki, deputat maaşını almaq onu utandırır:

"Mən uzun illər boyu - 20 ildən artıq bir dövrdə maaş almamışam. İlk dəfə deputat seçiləndən sonra plastik kartla bankomatdan maaş çıxarmışam. Hər zaman deputat maaşı alanda hardasa bir qədər utanıram ki, başqaları bu qədər maaş ala bilmir.

Qohum-əqrəbalarımın pis vəziyyətdə yaşadığı halda, mənim 1750 manat almağım utancgətiricidir. Bu gün insanların böyük əksəriyyəti üçün belə məbləğdə maaş almaq əlçatan deyil. Bu mənim ürəyimi əzir. İnanın ki, mən maaşımı alanda onun müəyyən hissəsini daha çox ehtiyacı olan adamlara verirəm ki, heç olmasa vicdanımı bir az sakitləşdirə bilim”.

"Evim kreditdədir...”

Deputat qohumlarından, nəslindən kimlərinsə biznesinin olmadığına təəssüflənir:

"Bəlkə də demək düzgün deyil... Mən deputatam, amma evim kredit girovluğundadır. Öz qardaşlarım da işləmir. Çox zaman deyirlər ki, bütün deputatların fabrikləri, zavodları, firmaları, öz şəxsi biznesləri var.

Çox təəssüf edirəm ki, bizim ailənin, nəslin adi maaşdan başqa heç bir gəlir yeri yoxdur. Deputatları maaşları artırmaq təkliflərinə görə təhqir etmək də düzgün deyil. Amma digər tərəfdən deputatların maaşlarının azadılmasını təklif etmək də düzgün deyil”.
 
"Gələn ilin büdcəsindən xalqa da nəsə çatmalıdır...”
 
Tahir Kərimlinin fikrincə, 2017-ci ilin büdcə zərfində büdcə kəsirlərini azaltmaq səhv addımdır:
 
"Əksinə, onun tərəfdarıyam ki, digər kateqoriyalı insanların, aztəminatlı ailələrin maaşları artırılsın. Bunun üçün mən dəfələrlə Milli Məclisdə maliyyə mənbəyini də göstərmişəm.

Qorxmadan, çəkinmədən büdcə xərcini artırmaq lazımdır. 2016-cı ildə büdcə kəsiri 1,6 milyard manat olub. Gələn il üçün isə bu rəqəm 645 milyon manatadək azaldılıb. Yəni bizdə büdcə kəsiri 4 faizdən bir az yuxarıdır. Rusiyada isə büdcə kəsiri 20 faizdən də artıqdır. Biz bu gün büdcə kəsirini çəkinmədən 10-15 faizədək qaldıra bilərik.

Büdcə kəsirini 1 milyarddan da çox miqdarda saxlamaq olardı. Çünki o pulla əlillərin, şəhid ailələrinin, aztəminatlı təbəqənin rifahını yaxşılaşdırmaq olardı. Mən bunu büdcə layihəsi parlamentə daxil olmazdan qabaq təklif etmişəm. Əgər bu gün bütün dünyada büdcə kəsiri 20 faiz miqdarındadırsa, demək biz bunu 10-15 faiz etməklə heç nə itirmərik. Əsas odur ki, dövlət büdcəsinin məxaric hissəsindən xalqımıza, insanlarımız da bir şey çatsın.

Bilirəm ki, cənab prezidentin özü də bu cür məsələlərdə çox həssas və diqqətlidir. Nə qədər ki, gec deyil, gələn ilin büdcəsinin kəsir hissəsinə mütləq yenidən baxılmalıdır. Xaricdən gətirilən mallarla əlaqədar görümük rüsumları da qalxıb. Burdan da dövlət büdcəsinə gəlirlər daxil olur.  Prezidentin iqtisadi islahatlarının davamı olaraq nə qədər gec deyil, ən optimal variant olaraq büdcə kəsirini hətta 2, yaxud 2,5 milyard manata çatdırmaq olar. Heç olmasa, ən azı o 1 milyard manatla 10 milyon nəfərin rifahını cüzi də olsa, yaxşılaşdıra bilərik. Onsuz da manatın məzənnəsi gündən-günə düşür, əhalinin də rifahı zəifləyir.

Ona görə də belə bir vəziyyətdə millət vəkillərinin əmək haqlarından şikayət etməsi bizim üçün uyğun deyil və ayıbdır”./modern.az/

MediaFax