Deputat həmkarının əvəzinə üzr istədi

Deputat Astan Şahverdiyevin "Azadlıq” radiosuna verdiyi müsahibədə Rusiyada işləyən azərbaycanlıları aşağılayaraq, onları "otxod” adlandırması cəmiyyətdə etirazla qarşılanıb. 

Deputatın Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı etiraz etmələrinə kobud yanaşması, onları sərxoş və narkoman adlandırması da ona mənfi imic qazandırıb.
 
İş o yerə çatıb ki, hətta Astan Şahverdiyevin səsləndirdiyi fikirləri Milli Məclisdəki həmkarları da qınayıblar.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə saytımıza açıqlamasında həmkarının səsləndirdiyi fikirlərə  etirazını bu formada bildirib.
 
"Astan Şahverdiyevin səsləndirdiyi fikirlərlə bağlı iki məqama  münasibətimi bildirmək istərdim. Birincisi, Biləsuvarda baş verən hadisələrlə bağlı Astan müəlllim qeyd edir ki, "hakimiyyətdən narazı bir qrup insanlar var” və sairə. Qeyd edim ki, mətbuatdan əldə etdiyimiz məlumatlara görə, oradakı insanlar dövlətə, dövlətçiliyə sadiq insanlardır. Sadəcə, kommunal xərclərə görə  baş verən müəyyən problemlə bağlı etirazlarını bildiriblər. Etirazlarını bir az emosional formada bildiriblər. Təbii ki, buna hüquqi qiymət veriləcək. Amma ora toplaşan bütün insanları dövlətə, hakimiyyətə qarşı çıxan kimi qələmə vermək yolverilməzdir.  İkincisi, ən böyük qüsur  Rusiyada, eləcə də, dünyanın hansısa ölkəsində işləyən insanlarımızı kobud formada qələmə verməkdir. Rusiyada yaşayan onlarla, yüzlərlə insan tanıyıram. Onların içində çoxsaylı dostlarım, qohumlarım var. İqtisadi problemlərlə bağlı daha çox qazanc əldə etmək məqsədilə Rusiyaya gediblər və Azərbaycan dövlətini, dövlətçiliyini cənab prezidentimizin siyasi xəttini də dəstəkləyirlər. Yeri gələndə, orada cəmiyyətlər, təşkilatlar, mədəniyyət mərkəzləri  yaradıb, fəaliyyət göstərirlər. Ölkə ilə bağlı tədbirlər keçirirlər. Bu insanların içərisində ali təhsilli, savadlı ziyalılarımız var. Lazım gələndə ailəni saxlamaq üçün onlar ticarətlə də məşğul ola bilərlər. Burada qəbahət heç nə yoxdur”.

Çingiz Qənizadənin sözlərinə görə, şəxs, fikirlərini ifadə edərkən, olduğu vəziyyəti nəzərə almalıdır.

"Əvvəla, biz deputatların olduqca həssas məsələlərdə səhv  etmək ixtiyarı yoxdur. Biz seçilmiş insanlarıq. Ona görə də hər bir kəlməni, ifadəni işlədərkən düşünməliyik ki, bu necə əks-səda verəcək. Eyni zamanda, fikirlərimizi ifadə edərkən, hansı vəziyyətdə olmağımızı da nəzərə almalıyıq. Hansısa bir vəziyyətdə fikirləri qırıq-qırıq, tam olmayan formada ifadə etdikdə ortaya problemlər çıxacaq”. 

Çingiz Qənizadə həmkarının işlətdiyi ifadələrə görə üzr də istəyib.

"Biz xarici ölkələrdə insanların bir qisminin yanacaqdoldurma məntəqəsində çalışdığını, digərlərinin isə  başqa işlə məşğul olduğunu görürük. Araşdıranda məlum olur ki, həmin insanlar ali təhsil alıbla. Çörək qazanmaq üçün halal  yoldan, hansısa vasitədən istifadə edən, ailəsini, balasını dolandırmaq üçün çöllərə düşən insanları cəmiyyətin "otxod”ları adlandırmaq yolverilməzdir. Mən də deputatam. Bir millət vəkili olaraq soydaşlarımızın bu formada alçaldılmasına görə üzr istəyirəm. İnsanları belə fikirlərlə ifadə etmək olmaz. Vaxtilə Qarabağda döyüşmüş, torpaqlarımızn müdafiəsində can qoymuş gözəl ailələrdən çıxmış, kifayət qədər ləyaqətli, cəsarətli, ziyalı insanlarımız Rusiyada və digər ölkələrdə çalışıb, ailələrini dolandırırlar. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu insanların orada olması ilə kasıbçılığın aradan qaldırılmasına xidmət edən məqamlar da var. Onlar pul qazanıb ailələrinə göndərirlər. Ona görə də bu cür fikirlərin işlədilməsinə qəti etirazımı bildirirəm. Sonda fürsətdən istifadə edib dünyada yaşayan azərbaycanlıların qarşıdan gələn Yeni il və Həmrəylik bayramlarını təbrik edirəm. Onlara yeniliklər, bol ruzi-bərəkət arzulayıram”.
 
Qeyd edək ki, dekabrın 22-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb 20 min nəfərdək cəbrayıllı köçkünün yaşadığı 11 qəsəbəyə verilən elektrik enerjisinin tez-tez kəsilməsi olub. Əraziyə gətirilən polis qüvvələri ilə vətəndaşlar arasında qarşıdurma baş verib. Hadisə zamanı xəsarət alanlarla yanaşı 3 nəfər məcbur köçkün həbs olunub. Onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə "Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. 

Görüşdən sonra "Azadlıq” radiosuna müsahibəsində deputat Astan Şahverdiyev aksiyada saxlanılanlar haqda danışarkən aşağıdakı ifadələri səsləndirib:
"O saxlanılanlar ən "yarıy” adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar...
…Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə”.

Deputat eyni zamanda Rusiyada işləyən azərbaycanlıları "otxod” adlandırıb.

"...onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır"./modern.az/

MediaFax