"9 ay 20 nəfər fəhlə ilə gecə-gündüz oranı işlədik, axırda da 55 min manat zəhmət haqqımızı ala bilmədik”
Bu sözləri saytımıza usta-briqadir Zülfüqar Əliyev deyib. O bildirib ki, Sumqayıtın deputatı heç bir səbəb açıqlamadan fəhlələrin pulunu vermir.
"Axırda dedim ki, Mirzəcan müəllim, mənim o qədər pulum yoxdu axı bu qədər borcu camaata necə qaytarım? Mənə dedi ki, elə bil qumar oynamısan, uduzmusan”, – deyə usta bildirir.
Züflüqar Əliyev bildirib ki, məsələ ilə bağlı prezidentə, Milli Məclisə və prokururluğa hüquqlarının pozulması, haqlarının yeyilməsi ilə bağlı müraciət etsələr də, problem həllini tapmayıb. Əksinə, müraciətlərdən sonra Mirzəcan Xəlilov onu məhkəməyə verib.
"Məni qorxudurlar, başqa məqsədləri yoxdur”
"Problem yaranandan sonra deputatın özü ilə görüşə bilməsəm də telefonla danışığımız oldu. Dedim ki, vəziyyət pisdir, sexin yiyəsi sıxır, fəhlələrin pulunu verməliyəm, mənə cavabında dedi ki, sən deyəsən boş qabı dolu qaba vurub sındırmaq istəyirsən. Bunun mənası nədir mən hələ başa düşə bilməmişəm. Mənə belə bir kinayəli cavab verdi”, – deyə briqadir bildirib.
Usta deyir ki, deputat Mirzəcan Xəlilov onu birinci Abşeron rayon məhkəməsinə verib. Abşeron məhkəməsində şikayətin əsassız olduğunu nəzərə alaraq hakim şikayəti təmin etmədi, bundan sonra deputat Ağdam rayon məhkəməsinə yeni, daha böyük miqdarda təzminat tələbi ilə şikayət göndərib.
"Deputatın şərəf və ləyaqətinə görə verilən 100 manat təzminatı ödəyə bilərəm”
"Məhkəmədə də bizdən israrla tələb etdilər ki, onlarla barışaq. Bildirdilər ki, əgər barışsa, biz bu təzminatı ona bağışlayırıq. Bir də yazsın ki, mən səhv edib ərizələri, şikayətləri yazmışam. Mən də dedim ki, mən düz edib yazmışam axı, niyə imtina etməliyəm yazdıqlarımdan? Məni qorxudurlar, bunların başqa məqsədi yoxdur”, – deyə Zülfüqar Əliyev bildirib.
Briqadir deyir ki, bir ildi, iki ildi deputat onu məhkəmələrdə süründürür: "Pulumuzu vermir, üstəlik 30 min pul tələb edir. 100 min də şərəfinə görə, məhkəmə də elə onun şərəfinə yaxşı 100 manat qiymət qoydu. O 100 manatı ödəyə bilərəm, amma 29 mini yox”.
Usta deyir nəticə onu gözləyirəm ki, deputat ya məni həbs etdirəcək, ya da öldürtdürəcək, başqa yolu yoxdu:
"Elə nə qədər sağam çıxış edirəm ki, yadigar qalsın. Axıra qədər pulumu tələb edəcəm. Mənim onunla heç bir düşmənçiliyim yoxdur, nə prinripi var demir. Mən ona sual verirəm ki, qardaş mən kasıb adamam, pulumu ver camaatın borcunu qaytarım, mənə deyir ki, elə bil qumar oynayıb uduzmusan. Mən 55 minlik qumar oynaya bilərəm? Gecə-gündüz işləyirəm, zəhmətkeç adamam, nə qumar oynayıram?!”
Zülfüqar Əliyev deyir ki, bir tərəfdə də 20 ailə qalıb ehtiyac içində. Hər gün gəlirlər ki, bizim pulumuz nə oldu, sənə pislik etməmişik axı, pulumuzu ver./abzas.net/
MediaFax