"Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçkiöncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan "ralli" sona çatır".
Məşhur milyarder-investor Corc Soros (George Soros) bunu Davos Ümumdünya İqtisadi Forumu zamanı "Bloomberg" telekanalına müsahibəsində deyib.
Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilən bir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.
"Soros Fund Management" investiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənlik maksimal həddə çatıb: "Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq".
ABŞ keçirilən son prezident seçkilərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin fond birjasi indeksləri 10%-ə yaxın yüksəlib. 2017-ci ildə fond birjaları indekslərində dünya iqtisadiyyatının zəif inkişafı səbəbindən ciddi azalma gözlənilir./report.az/
MediaFax