Cərimə pullarının “axırı” necə olur? - Ekspert açıqlaması

"Azərbaycanda çox müxtəlif dövlət fondları fəaliyyət göstərir. Onlar arasında Neft Fondu və Sosial Müdafiə Fondu həm miqyasına, həm təyinatına və həm də hesabatlılığına görə seçilir. Hər iki Fondun büdcəsinin gəlir və xərcləri ilə bağlı məlumatlar müntəzəm olaraq ictimaiyyətə açıqlanır. Lakin bu iki fonddan başqa müxtəlif dövlət təşkilatlarının nəzdində yaradılan fondlar vardır ki, onlar haqqında yalnız ümumi məlumatlara çıxış imkanları mövcuddur. Onların gəlir mənbələri məlum olsa da, xərc istiqamətləri haqqında açıqlama verilmir”.
 
Bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, həmin qurumlar büdcədənkənar inkişaf fondları adı ilə müxtəlif dövlət orqanlarının nəzdində yaradılıb. Buna görə də ora yığılan vəsaitləri dövlət büdcəsində görmək olmur.
 
"Çünki, büdcə sənədlərində Neft Fondu və Sosial Müdafiə Fondundan başqa "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna rast gəlmək mümkündür. Büdcədə "Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna dair açıqlanan yeganə məlumat ondan ibarətdir ki, bu il həmin Fondun gəlirləri 108 milyon manat olacaq”. 
Büdcədənkənar inkişaf fondlarına gəlincə, ekspert hesab edir ki, hər bir nazirlik özü ən azı bir Fond yaradıb.
 
"Diqqət yetirin. Azərbaycan gömrük sisteminin büdcədənkənar inkişaf fondu, Vergi orqanları işçilərinin sosial müdafiəsi və bu orqanların maddi həvəsləndirmə və inkişaf fondu, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən formalaşan fond və digərləri. Dövlət büdcəsi kiçildikcə, adını sadaladığım fondlar ildən-ilə böyüyür. Son illərin trendi göstərir ki, vergi, gömrük, yol polisi və sistemlərə rəhbərlik edənlərin başlıca marağı yalnız dövlət büdcəsinin deyil, daha çox birbaşa sərəncam verdiyi fondların gəlirlərinin artımını təmin etməkdir. Belə ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə edilir. Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 25 faizi hesabına yaradılan büdcədənkənar fond da eyni funksiyanı yerinə yetirir. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur”.
 
Qubad İbadoğlu qeyd edib ki, bütün bunlar da həmin sistemin işçilərində büdcəyə deyil, Fonda daha çox vəsait yığılmasına stimul yaradır.
 
"Məsələn, bu ilin büdcəsində vergi sanksiyaları 90 milyon manat proqnozlaşdırılıb. Bu o deməkdir ki, vergi orqanları il ərzində 120 milyon manatlıq cərimə və sanksiyalar tətbiq etməlidirlər ki, onun da 75 faizini,  90 milyon manatını büdcəyə, 30 milyon manatını isə vergi orqanları işçilərinin sosial müdafiəsi, maddi həvəsləndirməsi və inkişaf fonduna yönəltsinlər. Ötən ilin ilk 8 ayında yol hərəkəti qaydalarının qaydaların pozulmasına görə ödənilən cərimələr 58,5 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, cərimələr ayda orta hesabla 7 milyon manat olub. Bu hesabla da ötən il üçün yol hərəkəti qaydalarının pozulmasına görə gözlənilən yığım 90 milyon manatı ötüb.
 
Göründüyü kimi, vergi orqanlarının və yol polisinin cərimələrinin birlikdə məbləği 210 milyon manatdan çoxdur. Vergi orqanları bu məbləğin 75 faizini büdcəyə köçürsə də, yol polisinin topladığı cərimələrin ən yaxşı halda 10 faizini 2017-ci il büdcəsində görmək olar. Çünki, bu ilin büdcəsində cərimə və sanksiyalara görə büdcəyə daxilolmalar 101 milyon manat nəzərdə tutulur ki, onun da 90 milyon manatını vergi qanunvericiliyinin pozulmasına görə ödəmələr təşkil edəcək.
 
İldən-ilə böyüyən cərimə fondlarının inkişaf fondları adı ilə ayrı-ayrı dövlət orqanlarının sərəncamında saxlanılaraq qeyri-şəffaf və hesabatsız xərclənməsi maliyyə nəzarəti orqanlarının diqqətindən kənarda qalmalı deyil. Xüsusilə də yuxarıda adı çəkilən fondların xərclənməsi barədə əhaliyə müntəzəm olaraq hesabat xarakterli məlumatlar verilməlidir.
Cərimələnən sahibkar, sürücü, piyada bilməlidir ki, onun ödədiyi məbləğ hara gedir, onu kimlər və necə xərcləyir. Fikrimcə, yaranmış vəziyyətdən çıxışın ən düzgün yolu həmin fondların və kassaların ləğv edilərək cərimə və sanskiyalara görə ödənişlərin birbaşa büdcəyə yönəldilməsidir. Çünki, bu halda eyni zamanda iki problemi həll etmək mümkündür. Birincisi, şəffaflıq və hesabatlılıq. Çünki büdcə sənədləri daha əlçatandır. İkincisi isə cərimələrin və sanksiyaların əsassız tətbiqininin qarşısının alınmasını.
 
Bu təklifə opponent olanlar fondların anti-korrupsiya effektini qabardarlarsa, bu halda da mövcud problemin həlli vergi, gömrük, yol polisi işçilərinə, bütünlüklə müəllimlərə, həkimlərə və digər kateqoriyadan olan büdcə sferasında çalışanlara layiqli əmək haqları verməkdir. Və onu qiymətlərin artımına müntəzəm olaraq indeksləşdirməkdir”-deyə o əlavə edib.

MediaFax