Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin 11 ayında Azərbaycanda 146 min 600, yaxud hər gün orta hesabla 438 körpə doğulub.
Doğulan körpələrin 2522-si əkiz, 63-ü isə üçəmlərdir.
Maraqlıdır, Azərbaycanda üçəm doğulan ailələrə hansısa yardım və ya güzəşt verilirmi?
"Azərbaycanda sosial təminat sisteminin əhatə etdiyi şəxslərin mühüm bir hissəsini uşaqlar təşkil edir”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev saytımıza açıqlamasında deyib.
Elman Babayev bildirib ki, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər.
O həmçinin qeyd edib ki, ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya ailə başçısını itirməyə görə aylıq əmək pensiyası ödənilir ki, həmin ailələrdəki ailə üzvlərinin böyük əksəriyyəti uşaqlardır. Uşağın anadan olmasına görə isə birdəfəlik sosial müavinət ödənilir.
Nazirlik rəsmisi Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında üçəm doğulan uşaqlarla bağlı anlayış mövcud olmadığını deyib.
"Bununla belə, üçəm doğulan uşaqların hər biri üçün uşağın anadan olmasına görə müəyyən olunan birdəfəlik sosial müavinət ödənilir. Eyni zamanda, üçəm uşaq doğulmuş ailələr onların ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün müraciət də edə bilərlər. Belə olan halda ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi tərəfindən həmin müraciətə avtomatlaşdırılmış şəraitdə baxıla, əgər ailənin ünvanlı sosial yardım almaq hüququ yarandığı təqdirdə həmin ailəyə sosial yardım təyinatı aparıla bilər”./modern.az/
MediaFax