Azərbaycan Mətbuat Şurası (MŞ) cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə (KİV) çağırış edib.
MŞ sədri Əflatun Amaşov yaydığı açıqlamada hadisə və proseslərə münasibətdə həssas olmağın vacibliyini vurğulayıb.
"Hərçənd müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verən, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edən kimlərsə var. Belələri heç bir halda kütləvi informasiya vasitəsi olaraq qəbul edilməyəcəklər", - deyə sədr qeyd edib.
Ə. Amaşov bildirib ki, "pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr istər özlərinin, yaxud özlərinə yaxın dairələrin internet informasiya ehtiyatlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri dövriyyəyə buraxırlar": "Belə durumlarda media təmsilçilərimizin daha diqqətli olmaları şərtdir. 2016-cı ilin "aprel müharibəsi” dönəmində biz müəyyən istisnalarla da olsa, həssaslığı və diqqəti gördük. Yenə də görəcəyimizə əminik".
MŞ sədri medianı Müdafiə Nazirliyinin açıqlamalarını gözləməyə çağırıb.
MediaFax