Bütün sərvətin yarısını 8 nəfər bölüşür

Cəmi 8 adamın sərvəti dünyanın qalan əhalisinin yarısının var-dövlətinə bərabərdir.
 
Bu isə varlılarla kasıblar arasındakı fərqin həmişəkindən çox artdığını, gözlənildiyindən də qorxulu dərəcədə böyük olduğunu göstərir. «Oxfam» beynəlxalq xeyriyyə cəmiyyətinin yeni hesabatında belə deyilir.

Hesabat müəlliflərinin fikrincə, varlıların bu qədər varlanması önlənməlidir, yoxsa iqtisadi bərabərsizlik cəmiyyəti parçalayacaq təhlükəyə çevrilə bilər.BBC «Oxfam»ın hesabatının Davosda keçirilən Dünya İqtisadi Forumuyla – siyasi liderlərin və dünyanın ən varlı adamlarının toplandığı forumla eyni vaxta düşdüyünü qeyd edir. Bu hesabatın siyasi və iqtisadi elitanı tərpətməkdən ötrü vasitə olduğunu yazır.

«Davos Forumunun dünya elitası üçün məşvərət orqanından başqa bir şey olmasıyla bağlı illüziyalarımız yoxdur, amma biz bu məsələdən yararlanmağa, diqqəti yönəltməyə çalışırıq». Bunu «Oxfam» təşkilatının xarici məsələlər üzrə direktoru Keyti Rayt deyib.

2016-cı ilin hesabatında sərvəti dünya əhalisinin yarısının varına bərabər olanların sayı 60-dan çox idi. İndi, hesabat müəlliflərinin dediyinə görə,məlumatların toplanması işi asanlaşdığından varlılar haqqında daha dəqiq məlumat əldə edilmiş, onların sayının 8-ə düşdüyü müəyyən olunub. Bu isə var-dövlətin getdikcə daha çox bir tərəfə yönəlməsinin, iqtisadi bərabərsizliyin güclənməsinin əlamətidir. Keyti Raytın sözlərinə görə, məhz iqtisadi bərabərsizlik dünya siyasətində qütbləşməyə səbəb olub. O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gözlənilməz qələbəsini də, «Brexit» (Böyük Britaniyanın Avropa Birliyindən çıxması) məsələsini də bununla bağlayıb.

«Oxfam»ın hesabatında insanların orta əməkhaqqı uğrunda gecə-gündüz çalışdığı halda, varlıların öz varlarını 2009-cu ildən bəri 11% artırdığı vurğulanır. Keyti Rayt deyir ki, iqtisadi bərabərsizlik insanları qəzəbləndirir, onlar nə qədər işləsələr də, ölkələrinin sərvətindən pay ala bilmir, özlərini atılmış kimi hiss edir və alternativ istəyirlər.

Britaniyalı iqtisadçı-ekspert Gerard Lyons BBC-yə müsahibəsində bildirib ki, təşkilatın diqqəti öz var-dövlətini artırmaqla bərabərsizliyə səbəb olan biznes modeliylə məşğul şəxslərə çəkməsi doğru addımdır.

Varlıların adlarını və onların sərvətinin həcmi barədə məlumatı «Forbes» dərgisi yayıb. Jurnalın araşdırmalarına görə, dünyanın ən zəngin 8 adamı aşağıdakılardır.

1. «Microsoft»un yaradıcılarından olan Bill Geyt (ABŞ) – sərvəti 75 milyard dollar

2. «Zara»nın sahibi «Inditex»in yaradıcısı Amankio Ortega (İspaniya) – 67 milyard dollar

3. «Berkshire Hathaway»də ən çox pay sahibi Uorren Baffe (ABŞ) – 60.8 milyard dollar

4. «Grupo Carso»nun sahibi Karlos Slim Helu (Meksika) – varı 50 milyard dollar

5. «Amazon»un sahibi və rəhbəri Ceff Bezos (ABŞ) –45.2 milyard dollar

6. «Facebook»un yaradıcılarından biri və rəhbəri Mark Zuckerberq (ABŞ) – 44.6 milyard dollar

7. «Oracle»ın yaradıcılarından biri və rəhbəri Larry Ellison (ABŞ) – 43.6 milyard dollar

8. «Bloomberg LP»nin sahibi Maykl Blumberq (ABŞ) – 40 milyard

Bu səkkiz adamın sərvəti 426 milyard dollara bərabərdir ki, bununla da dünya əhalisinin yarısını dolandırmaq olar.

«Reuters» informasiya agentliyi iqtisadi bərabərsizliyin son illər gündəmə tez-tez gətirildiyini, Beynəlxalq Valyuta Fondunun, Roma Papasının da bu məsələyə toxunduğunu vurğulayır. Papa məhz bərabərsizliyin aqressiv nəticələrlə sonuclandığını, elitadan narazılığın populist siyasətə təkan verdiyini söyləmişdi.

«Oxfam» beynəlxalq xeyriyyə təşkilatı insanlar arasında iqtisadi bərabərsizliyin «kobud» həddə yüksəldiyini deyib, hökumətləri tədbir görməyə, vergidən yayınmayla, rəhbər şəxslərin maaşları və vergiləriylə bağlı qaydalara düzəlişlər etməyə, varlılardan daha çox vergi almağa çağırıb.

«Milyarderlər öz pullarından pay versəydilər, yaxşı olardı. Amma iqtisadi bərabərsizlik yaxşı deyil. Milyarderlərin öz köməkçiləri, ya da təmizlik işçiləri qədər vergi verdiyi sistemdə yaşamağı qəbul etmək olmaz». «Oxfam» təşkilatının siyasi idarəsinin başçısı Max Lawson belə deyib.

Təşkilat iri biznes liderlərini vergi ödəyərkən ədalətli olmağa, şirkətləri isə işçilərə «həyat minimumu»ndan artıq pul verməməyə səsləyib./"Azadlıq” radiosunun xülasəsi/

MediaFax