Bunu görüntü üçün etməsinlər - Yol polisi

"Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub”.

Bu məlumatı açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlayıb.

V.Əsədov bildirib ki, bu səbəbdən Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsinə yol polisi əməkdaşları tərəfindən diqqət artırılıb və qaydanı pozan şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atılacaq: "Sürücülər görüntü naminə və ya cərimə olunmamaq üçün yox, düzgün qaydada kəməri bağlasınlar. Bəzən qış aylarında qalın geyim geyinirlər, üstündən də kəməri bağlayırlar. Bu zaman kəmər düzgün bağlanmır və təhlükəsizlik yastığı varsa, bu da ayrıca bir fəsad verə bilər. Düzgün bağlamaq o deməkdir ki, kəmər çiyinlə boyun arasındakı boşluqda olmalıdır. Kəmər vətəndaşı avtomobilin banına bərkidməlidir ki, maşın bir neçə dəfə aşsa da, həmin şəxs ağır xəsarət almasın.

Sürücülərə müraciət edərək bildiririk ki, təhlükəsizlik kəmərlərindən istifadə etmək ilk növbədə yol mədəniyyəti, yol hərəkəti haqda qanuna hörmət əlamətidir. Ən nəhayət baş verə biləcək yol qəzasında sürücü və sərnişinlərin həyat və sağlamlığının 65-70 faiz, bəlkə də daha çox qorunması deməkdir. Yol hərəkəti haqda qanunun tələbinə görə, sürücü və sərnişinlər hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bunu görüntü üçün yox, düzgün formada etməlidirlər"./qafqazinfo.az/

MediaFax