Rusiyanın Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin Ermənistanı öz ərazisində Qərb institutlarının fəaliyyətini dayandırmağa və yerli QHT-lərin qərbdən maliyyələşməsinin qarşısını almağa çağırıb.
Virtualaz.org xəbər verir ki, ekspert əks halda Ermənistanın ağır nəticələrlə üzləşəcəyini, o cümlədən "Dağlıq Qarabağı itirəcəyini” deyib.
Lepexin "Novosti Armeniya” agentliyinə müsahibəsində deyib ki, Rusiya Ermənistanda informasiya müharibəsini Qərbə uduzur. Çünki Qərb təşkilatları Ermənistanda informasiya təbliğatına böyük pullar xərcləyirlər. Rusiya isə bu vəziyyətdən narahatdır, ancaq hazırda təbliğata xərcləməyə pulu yoxdur. "Qərb hücum siyasəti aparır, aqressiv hərəkət edir və böyük pullar xərcləyir. Bütün strukturları ancaq bir məqsədə xidmət edir-mədəni assimilyasiyaya”-rusiyalı ekspert deyib.
Lepexinin sözlərinə görə, Ermənistan bu siyasətə boyun əysə nəticələri çox fəlakətli olacaq. "Xüsusən də bu, Ermənistan üçün Dağlıq Qarabağın əldən verilməsi ilə nəticələnəcək. Mən hələ vətəndaş müharibəsini, Ermənistan ərazilərinin bir hissəsinin tutulmasını demirəm”-Lepexin bildirib.
Rusiyalə ekspertin sözlərinə görə, vəziyyətdən çıxış yolu budur ki, Ermənistan Qərb institutlarının fəaliyyətini dayandırsın, onların nüfuz agentlərinin işinə son versin. Hansı ki, Lepexinə görə Rusiya artıq bunu edib.
MediaFax