2017- ci il Azərbaycan iqtisadiyyatı üçün yeni bir mərhələ hesab olunur.
Gələn il üçün hazırlanmış dövlət büdcəsi layihəsində də bir sıra mühüm dəyişikliklərin olması buna deməyə əsas verir. Bir sıra sahələrə ayrılan xərclərin azaldılması ilə yanaşı, eyni zamanda uzun illərdir Azərbaycanda rayonların büdcədən dotasiya almaması ilə bağlı qaldırılan problemlər də yeni büdcə layihəsində öz əksini tapıb. Artıq bəllidir ki, 2017- ci ildə daha 27 rayon mərkəzləşdirilmiş büdcədən dotasiya almayacaq. Bundan əvvəl isə 6 rayon yəni, Mingəçevir, Sumqayıt, Naftalan, Şirvan şəhərləri, Abşeron və İmişli rayonları büdcədən dotasiya almırdı.
Növbəti il adıçəkilən rayonların siyahısa əlavə edilən Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları da xərclərini öz gəlirləri hesabına təmin etməlidir.
Millət vəkilləri, ekspertlər də zamanla bu problemi gündəmə gətirərək büdcənin yükünü azaldılması məsələsini qaldırırlar. Maraqlıdır, indiki halda siyahıya əlavə olunan rayonlar özlərini tam dolandırmaq gücünə malikdirlərmi?
Məsələ ilə bağlı iqtisadçı ekspert Qubad İbadoğlu saytımıza bildirib ki, siyahıda elə rayonlar var ki onlar özlərini təmin etmək iqtidarında deyillər: "Məsələn, Qubadlı rayonu. Amma bu bütövlükdə regionların xərclərinin azalmasına gətirib çıxarır. Təəssüflər olsun ki regionlarda əlverişli investisiya mühiti yoxdur. Bu aspektdən də hər hansı sərmayə qoyuluşunu gözləməyə dəymir. Nəzərə alsaq ki, investisiyalar da əsasən qeyri-məhsuldar və ya kommersiya xarakterli olur, bu baxımdan büdcəyə heç bir əlavə dəyər gətirmir.
İqtisadi və ya digər resursların da formalaşacağını yaxın zamanlarda proqnozlaşdırmaq olmur. Bundan əlavə, kənd təsərrüfatı rayonlarının əksəriyyəti vergi güzəştlərinə malikdir. Onlar torpaq vergisindən başqa qalan bütün vergiləri ödəməkdən azaddırlar. Belə olan halda rayonların özlərinin büdcəsinin formalaşdırılması o qədər də asan olmayacaq. Fermer təsərrüfatları özəl təsərrüfatdırlar. Ən yaxşı halda büdcə fərdi ailə fermer təsərrüfatları üçün müəyyən qazanclar əldə edə bilər. Bu da bütövlükdə rayon büdcəsi üçün ciddi əhəmiyyətli mənbə sayıla bilməz.
Baxmayaraq ki regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində 2004-cü ildən bu yana 39,5 milyard manat vəsait xərclənib. Amma yenə də rayonların böyük əksəriyyətinin öz maliyyəsi hesabına xərcini ödəmək imkanları məhduddur.
Beləliklə də, 27 rayonun böyük əksəriyyəti özünü təmin edə bilməyəcək. Belə olan halda da dövlət büdcəsinə yenidən dəyişikliklər edilə bilər. Amma böyük əksəriyyətinin builki maliyyə durumu çətin olacaq”.
Millət vəkili Vahid Əhmədov isə qeyd edib ki, siyahıya əlavə edilən rayonların hamısı kənd rayonlarıdır: "Bu rayonların inkişafı üçün son 10 ildə külli miqdarda vəsait sərf olunub. Bir sıra iri kommunal layihələr həyata keçirilib. Bunları nəzərə alaraq, hökumət də mütəmadi olaraq bildirir ki, dotasiyaları azaltmaq lazımdır. Ona görə də rayon icra hakimiyyətlərinin rəhbərləri rayonlarını vəsaitlə təmin etməlidirlər.
Vəziyyəti nəzərə alaraq daha 27 rayon da 2017- ci ilin dövlət büdcəsindən dotasiya almayacaq. Rayonlar öz daxili imkanlarını səfərbər etməlidirlər.
Büdcə müzakirə olunanda istər Nazirlər Kabinetində, istər Maliyyə Nazirliyində rayonların vəziyyəti öz əksini tapıb. Ona görə də bu qərarlar qəbul olunub. Adıçəkilən rayonların imkanları olduğuna görə siyahıya əlavə olunub. Digər tərəfdən rayon büdcələrinə nəzarət mexanizmləri daha da gücləndirilib. Müəyyən məsələlərə artıq yol verilmir. Bu da çox böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir”./qafqazinfo.az/
MediaFax