“Bu tapşırıqlar birinci sinfə uyğun deyil” - Foto

Dərsliklərdə yazılan cümlələr və şəkillər bir çox hallarda sosial şəbəkələrdə paylaşılaraq müzakirə olunur.

Bu dəfə isə tam fərqli olaraq dərslikdə yerləşən labirint tapşırığı birmənalı qarşılanmayıb. Belə ki, labirint tapşırığına əsasən birinci sinif şagirdi "Mollanı məscidə düzgün yolla aparsan, cümlə oxuya bilərsən" sualına cavab verməlidir. Təhsil eksperti Kamran Əsədov saytımıza bildirdi ki, bu pedoqoji normalara ziddir:

"Azərbaycanda dərsliklərin yazılması Təhsil Nazirliyinə tabe deyil. Təhsil Nazirliyi müəyyən siniflər üzrə öncədən tender elan edir və şərtləri ortaya qoyur. Bundan sonra nəşriyyatlar işçi qrupu yaradaraq həmin tenderlərin şərtlərinə uyğun dərsliklər hazırlayırlar. Hazırlanmış dərsliklər Təhsil Nazirliyi və ekspertlər tərəfindən yoxlanılır, bir neçə dərslik varsa, ən yüksək bal alan dərslik orta məktəblərdə tədris üçün buraxılır. Amma yüksək bal almış, və yaxud da ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş dərsliklər həqiqətən də normalara cavab verirmi? Bir mənalı olaraq xeyir. Yeni təhsil strategiyasına, yəni kurikulumun  tələblərinə uyğun olaraq hazırlanmış dərsliklərin heç biri standartlara uyğun deyil. Bu kobud səhvlər daha çox birinci-beşinci sinif dərsliklərində özünü göstərir. İbtidai siniflər üçün nəzərdə tutulub istifadəyə verilən dərsliklər nə şagirdin yaş xüsusiyyətlərinə, nə onun psixoloji vəziyətinə, nə də onun söz bazasına uyğun deyil".

Ekspert qeyd edir ki, hazırda orta məktəbdə tədris olunan dərsliklər, kitablar istifadə üçün yararsızdır:"Kitablarda istifadə olunan şəkillər, mövzular və sözlərin heç biri pedoqoji normanın prinsiplərinə uyğun deyil. Bununla bağlı kifayət qədər nümunələr var. Minarə sözü yaş kateqoriyasına görə, yalnız 12 yaşdan sonra şagirdlərin öyrənə biləcəyi sözdür. Dərsliklər Azərbaycan Respublikasının "Təhsil haqqında” qanununa görə,irqi, dini, milli mənsubiyyətə görə hər hansı bir nümunə göstərilə bilməz. Bir tapşırıqda molla şəkli varsa, digər tapşırıqlarda da digər dinlərin nümayəndələri də olmalıdır, balans qorunmalıdır. Bundan başqa, dərsliklərdə gender bərabərliyi də kobu şəkildə pozulur. Danışdığımız indiki nümunə birinci sinfin nə məntiqinə, nə də söz bazasına uyğun deyil". 

Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ilə əlaqə saxladıq. Qurum rəsmisi saytımıza açıqlamasında bildirdi ki, iş dəftəri hazırlanması onların tabeliyində deyil. 

P.S Nazirliyin rəsminin açıqlamasından sonra, belə aydın olur ki, hansısa bir şirkət, tenderdə qalib gəldikdən sonra, dərsliklərə istədiyi informasiyan yaza, istədiyi məlumatı qeyd edə bilər. Hətta yerin kürə formasında olmadığını da yaza bilər. Və bunun Təhsil Nazirliyinə heç bir adiyyatı olmayacaq. Gülməlidir, deyilmi?/qaynarinfo.az/  
 


MediaFax