Nazirlər Kabinetinin qərarı ilə İqtisadiyyat Nazirliyi "Pramida” adlı filtersiz siqaretlərin istehsalı və satışını qadağan edib.
Lakin hələ də siqaretlər satışdan yığışdırılmayıb.
Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, 3-cü mikrorayon və Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 183 ünvanındakı siqaretlərin topdansatış mərkəzlərində monitorinq aparılıb. Bəlli olub ki, nazirlik tərəfindən rəsmi müraciət olunmasına baxmayaraq siqaretlər satışdan yığışdırılmayıb. "Bütün siqaretlər sağlamlıq üçün təhlükəlidir, lakin "Azəri korporasiyasına məxsus olan "Pramida”, "Karvan” və "Şəki” filtersiz siqaretləri xüsusi təhlükəlidir. Çünki bu siqaretlərin tərkibində nikotinin miqdarı normadan 60 faiz yüksəkdir”, - deyə birlik sədri əlavə edib.
40-50 qəpiyə satılan siqaretlərdən daha çox azyaşlılar istifadə edirlər. E.Hüseynov deyir ki, valideynlər tərəfindən təşkilata daxil olan çoxsaylı şikayətlər toplanaraq Nazirlər kabinetinə təqdim olunub. Nazirlər Kabineti məsələyə baxılması üçün İqtisadiyyat Nazirliyinə tapşırıq verib. Nazirliyin müraciətindən sonra siqaretlərin istehsalı üçün verilən gigiyenik sertifikat ləğv olunub: "Valideynlər deyirlər ki, məktəbdə yemək üçün uşağa verdiyimiz pulu siqaretə xərcləyirlər. Ümumiyyətlə, siqaretlər azyaşlılar üçün əlçatan olmamalıdır. Hazırda isə əksər məktəblərin yanında siqaret satışına rast gəlinir”./virtualaz.org/
MediaFax