Bu rayonda oğlanlara kirayə ev verilmir

Şəkidə oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər.

ARB Şəki xəbər verir ki, burda tələbə yataqxanası yoxdur.

Buna görə də başqa şəhər və kəndlərdən təhsil almaq üçün gələn tələbələr kirayə ev axtarışına çıxırlar. Bu da, bəzi çətinliklər yaradır.

Oğlanlar üçünsə bu ikiqat çətinlikdir. Belə ki, heç kim evini oğlan tələbələrə etibar etmək istəmir, ya da oğlanların məsuliyyətini üzərlərinə götürmək istəmirlər.

Yəqin ki, çoxunuz küçədə, dükanda "qızlar üçün kirayə ev”, "kirayə ev ancaq qızlar üçün” və s. kimi elanlara rast gəlmisiniz. Onsuz da, tələbə yataqxanası olmayan Şəkidə bu cür elanlar tələbə oğlanların işini bir qədər də çətinləşdirir. Rac Abidov deyir ki, kirayə ev tapmaq mənim üçün çox çətin olub. Çünki çox vaxt oğlanlara ev vermirlər. Bütün evlər qızlara, ya da ailələrə verilir. Səbəb kimi isə ən çox səliqəsizlik, evi dağınıq saxlamağı göstərirlər. Mən özüm dağıdıb tökən deyiləm, sadəcə, adın çıxınca canın çıxsın məsəli.

Evlərin kirayəsi ilə məşğul olan Abid Məsimov da ev sahiblərinin evlərini kirayə verərkən əsasən qızlara üstünlük verdiyini deyir. Çünki ev sahibi də bilir ki, qız onun evinə oğlandan daha səliqəli baxacaq. Hər il Şəkiyə 500-dən çox tələbə təhsilini davam etdirmək üçün üz tutur. Demək olar ki, bütün oğlan tələbələr bu problemlə üzləşir. Və bundan sonra da üzləşəcək kimi görünür. Tək çarə qalır yenə tələbə yataqxanalarına.
 

MediaFax