Bu qəsəbədə sakinlər əlibaltalı gəzirlər... - Video

Xəzər rayonu, Buzovna qəsəbəsi, Abdulla Şaiq küçəsində yaşayan 500 ailə qazsız qalıb.
 
Sakinlər bildiriblər ki, qazın təzyiqinin çox aşağı olması onların vəziyyətini çətinləşdirib. Bu durum iki ildir davam edir. Belə ki, əraziyə çəkilən qaz borusunun həcmi kiçik olduğundan evlərə paylanan qaz normal təzyiqlə verilmir. Havaların soyuq keçdiyi günlərdə isə sakinlər mənzilləri qızdıra bilmirlər.  Onlar bu qazla nəinki evlərini isitməkdə, hətta yemək bişirməkdə belə çətinlik çəkirlər. Təzyiq zəif olduğundan istilik sistemləri işləmir. Burada yaşayan insanlar isti su əldə etmək üçün  elektrik enerjisi baha başa gəldiyindən çöldə ocaq qalayıb, su qızdırırlar. 

Qəsəbə sakini Kərim Kəngərli deyir ki, problemlə bağlı dəfələrlə Xəzər Rayon Qaz idarəsinə şikayətini bildirib. Lakin əraziyə nəzarət edən qaz idarəsi işçiləri sakinlərdən rüşvət tələb ediblər: "Bir dəfə ərazi üzrə qaz idarəsinə getdim. Nurəddin və Məhəmməd adında şəxslərlə görüşdüm. Biri çilingər, biri isə usta idi. Problemi onlara danışdım. Dedilər ki, bizi yağlayın, qazınız olacaq. Mən də bildirdim ki, qurğuşun əridib, boğazınıza tökəcəyəm. Vəziyyət, bax, belədir. Qaz olmadığına görə, sakinlər şəhərə kirayəyə köçürlər. Hətta kamança ustası, xalq artisti Şəfiqə Eyvazova da bu problemə görə şəhərə köçdü”.

Sakinlər evlərini isitmək üçün taxta, ağac qırıntıları toplayıb, odun sobasında yandırırlar. Küçədə rastlaşdığımız sakinlərin əksəriyyətinin əlində  balta var idi. Belə ki, əlacsız qalan sakinlər evlərini qızdırmaq üçün küçədə taxta və odun axtarırlar, əllərinə keçəni doğrayıb yanacaq kimi evlərinə gətirirlər. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz./musavat.com/
 

MediaFax