Mediafax.Az Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Trend-ə verdiyi müsahibəni ixtisarla təqdim edir:
- 2016-cı il büdcəsində neftin qiyməti 25 dollar səviyyəsində müəyyən olunmuşdu, il ərzində orta qiymət kifayət qədər yüksək idi. İlin yekunlarına görə, büdcənin nə dərəcədə profisitli olacağı gözlənilir?
- 2016-cı ildə neftin 1 barelinin qiyməti həm ARNDF-nin büdcəsində, həm də dövlət büdcəsində 25 dollardan hesablanmışdı. Bu qiymətlə Fondun 2016-cı il üçün büdcə gəlirləri 2,8 milyard dollar nəzərdə tutulub. Lakin 2016-cı il ərzində neftin 1 barelinin orta qiyməti 41,7 ABŞ dolları təşkil etdiyindən, Fondun ilin sonuna büdcə gəlirinin təqribən 5,8 milyard dollar olacağı gözlənilir.
Bununla yanaşı qeyd etmək lazımdır ki, Fondun investisiya portfelinə daxil olan valyutaların məzənnələrinin dəyişməsi Fondun dollar ilə ifadə olunan aktivlərinin ilin sonuna olan həcminin dəyişməsinə səbəb ola bilər.
- Fondun məhz hansı səhmlərə (hansı dövlət və ya şirkətin) investisiya yerləşdirəcəyi barədə konkret planları varmı? Fondun daşınmaz əmlaka investisiya ilə bağlı hansı planları var? Yeni coğrafi bazarlara çıxmaq niyyəti varmı?
- ARDNF-nin uzunmüddətli investisiya strategiyasının əsas məqsədi risklərin yol verilə bilən həddə saxlanılması ilə vəsaitlərdən əldə edilən gəlirliliyin artırılması və diversifikasiya edilmiş investisiya portfelinin qurulmasıdır və səhm yatırımlarının artırılması da məhz bu hədəfə xidmət edir. Artıq 2012-ci ildən etibarən ARDNF qlobal səhm bazarında özündə müxtəlif şirkətləri, ölkələri və sektorları birləşdirən yüksək diversifikasiyalı səhm indekslərinə passiv üsulla investisiya istiqamətini seçib (qeyd etmək lazımdır ki, bu proses həm xarici menecerlər, həm də Fondun əməkdaşları tərəfindən həyata keçirilir). Hal-hazırda səhmlərə bu tip passiv üsulla investisiyanı davam etdirmək planlaşdırılsa da, risklər nəzərə alınmaqla daha çox gəlirlilik vəd edən alternativ investisiya strategiyaları da nəzərdən keçirilə bilər. Səhmlərə investisiya edərkən Fond optimal diversifikasiya və səhm bazarlarının qiymət dəyişkənliyi riskinin azaldılması prinsipinə ciddi şəkildə əməl edir.
Daşınmaz əmlak investisiyalarına gəldikdə isə, bu sahədə əsas strategiya inkişaf etmiş bazarların və müxtəlif tip daşınmaz əmlakların təmsil olunduğu portfelin yaradılmasından ibarətdir ki, gələcəkdə də bu istiqamətdə yatırımların davam etdirilməsi nəzərdə tutulub. Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsədi yüksək və stabil icarə haqqının alınması yolu ilə gəlirliliyin artırılması və eləcə də, uzunmüddətli perspektivdə potensial qiymət artımı ilə müşayiət edilə biləcək yüksək keyfiyyətli aktivlərin əldə olunmasından ibarətdir. Bu sahədə bizi ən çox Avropa, Asiya və Sakit Okean Hövzəsi və Amerika Birləşmiş Ştatlarının daşınmaz əmlak bazarları maraqlandırır. Hal-hazırda Fondun dünyanın böyük şəhərlərinin mərkəzi biznes ərazilərində kommersiya daşınmaz əmlak investisiyaları mövcuddur və yaxın gələcəkdə də Fond qeyd edilən coğrafi regionlarda fəaliyyətini genişləndirməyi planlaşdırır. ARDNF həmçinin daşınmaz əmlak fondlarına da investisiya qoyuluşu həyata keçirməyə başlayıb ki, bu da həm yüksək gəlirliliyi təmin etməyə, həm də diversifikasiyanın artırılmasına xidmət edir. Beləliklə, daşınmaz əmlak fondlarına investisiya ARDNF-yə daha çox ölkə və regionları əhatə edən daha böyük bazarlara birbaşa çıxış imkanı qazandırır. Bu yatırımlar investisiyaların coğrafi mövqeyinin genişləndirilməsi ilə yanaşı, daşınmaz əmlak portfelinin strategiya (hazır, tikilməkdə olan) və tip (yaşayış, logistik və s.) üzrə də diversifikasiyasını genişləndirməyə imkan verir.
- 2017-ci ildə valyuta hərracları nəzərdə tutulur? 2016-cı ildə valyuta hərracları vasitəsilə nə qədər dollar satılıb?
- ARDNF-nin növbəti il üçün büdcəsində icrası manatla olan öhdəliklər nəzərdə tutulduğundan Fond tərəfindən hərraclar vasitəsilə valyuta satışı 2017-ci ildə də davam etdiriləcək.
2016-cı ilin 11 ayı ərzində ARDNF tərəfindən valyuta hərracları yolu ilə ümumilikdə 4,6 milyard dollar həcmində vəsait satılıb.
- Parlamentin son plenar iclasında bəzi deputatlar ARDNF-in xarici banklarda yerləşdirilmiş vəsaitlərini ölkə daxilinə keçirməyi və ölkənin bank sektoruna dəstək məqsədilə yerli banklarda yerləşdirilməsini təklif etmişdi. Həm risklərin, həm də gəlirliliyin nəzərə alınması ilə ARDNF-a öz vəsaitlərini yerli banklarda yerləşdirmək nə dərəcədə sərfəlidir? Bu cür addımı bankların dəstəyi üçün məqsədəuyğun hesab edirsinizmi?
- Son dövrlər neftin qiymətinin aşağı və qeyri-stabil olmasını nəzərə alaraq Fondun ölkədə makroiqtisadi sabitliyi qorumaq funksiyası daha çox ön plana çıxıb. Belə ki, 2015-ci ildə ARDNF-nin tarixində ilk dəfə olaraq onun ümumi xərcləri gəlirlərini üstələyib.
Bank sahəsinin dəstəklənməsi ilə bağlı qeyd etmək istərdik ki, həm ölkə rəhbərliyinin, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının dəfələrlə qeyd etdiyi kimi bank sektorunun sağlamlaşdırılması ilk növbədə prudensial qaydalar, effektiv korporativ idarəetmə və həmçinin ehtiyac yarandığı təqdirdə bankların növbəti konsolidasiyası prosesləri ilə tənzimlənməlidir.
Hesab edirik ki, Fondun hazırki investisiya portfeli, eləcə də onun risk/gəlirlilik nisbəti mövcud investisiya strategiyasının məqsədlərinə nail olmaq üçün daha optimaldır.
MediaFax