Torpaq tərkibinə görə mürəkkəbdir. O həm də enerji mənbəyidir və insan yaranışının bir ünsürü kimi qəbul olunur. Bəlkə də elə buna görədir ki, insanla torpaq arasında böyük fərq yoxdur və insanın bədənində olan elementlərin böyük əksəriyyəti torpaqda, gildə var. Bəlkə elə bu eyniliklər doğmalığa səbəb olur?!
Torpağın dilini biləndə isə bu bağlılıq daha doğma olur. Hətta arzularını gerçəkləşdirə biləcəyin qədər doğma olur. Müsahibimiz Yasin Xəlil kimi…
Əslində o, Azərbaycan üçün çox işlər görüb. Kimyaçı-texnoloq kimi yüzlərlə tələbə yetişdirib, 13 il qurub-yaratdığı Azbentonit MMC-yə rəhbərlik edib, 60-dan çox elmi məqalənin, 10 ixtira, ali məktəblər üçün 3 dərsliyin müəllifi olub. Doxsanlarda təbaşirin "defisit” vaxtında orta məktəbləri evində düzəltdiyi təbaşirlə təmin edib, ölkədə keramik suvenir istehsalının əsasını qoyub.
Sonuncu onun 30 illik arzusu olub və bu il Abşeron rayonunda "Nargis Porcelain” şirkətinə məxsus çini və saxsıdan keramik hədiyyə istehsal edən fabriki araya-ərsəyə gətirib. Elə söhbətə də bu mövzudan başladıq.
- Həyat yoldaşım Mahirə xanımla Rusiyada təhsil almışıq. O, keramika üzrə, mən isə şüşə üzrə mütəxəssisəm. Doxsanıncı illərdə Vətənə döndükdən sonra keramika ilə yaxından maraqlanmağa başladıq. Bizdə ruslarda və digər xalqlardakı kimi keramik fiqurlara geniş maraq olmayıb. Bu sahə daha çox məişətimizə sirayət edib, qab-qacaq istehsalı üçün əlverişli olub. Səksəninci illərdə Gəncədə Çini Qablar, Bakıda Saxsı Qablar zavodu fəaliyyət göstərib. Sovet hökuməti dağılandan sonra həmin zavodlar da bağlanıb. Biz də belə qərara gəldik ki, sənayeni yenidən inkişaf etdirək, amma daha çox suvenir istehsalı istiqamətində.
- Bu sahəyə marağın peşənizdən irəli gəldiyini bildik. Bəs suvenir hazırlamaq ideyası haradan idi?
- Keramikanı o qədər sevirdik ki, ad günlərimizdə bir-birimizə məhz saxsıdan hədiyyə bağışlayırdıq. Bizim bəlkə də dünyada heç kəsdə olmayan keramik fiqurlar kolleksiyamız var. Kolleksiyada dünyanın müxtəlif ölkələrindən keramik məhsullar var. Qonşu Gürcüstanda bu sənaye geniş inkişaf edib. Bizdə milli fiqurlarımız çox azdır. Nəinki keramika, digər milli suvenirlərimiz də məhdud şəkildə hazırlanır. Halbuki, istər daxili, istərsə də xarici bazar üçün suvenir sənayesi neft qədər gəlirli sahədir. Bizim milli ornamentlər əvəzolunmazdı. Onları keramikaya köçürüb, saxlamaq ən böyük qazancımız olardı.
- Bu ideyanı reallaşdırmaq üçün kimlərin dəstəyi lazımdır?
- Keramika sənayesi üç nəfərin - texnoloq, rəssam və heykəltəraşın əməyindən yaranır. Amma xalçalardakı naxışlarımızı da köçürmək üçün xalçaçı rəssama ehtiyacımız var. Hər incəliyi də keramikaya köçürmək də olmur. Keramikanın üzərində rəsm çəkmək spesifik, incə işdir. Bu rəssamlar burada yetişir. Hər adamın əli keramikada tutmur. Bir neçə rəssam bizimlə işləmək istədi, amma bacarmadıqlarına görə getməli oldular. Bu o qədər incə işdir ki, hətta keramika üzərində çəkdiyin rəsmin sobada bişəndən sonra nə qədər yığılacağını da nəzərə almaq lazımdır.
- Keramikaya olan sevginiz peşənizdən irəli gəlir, yoxsa bu həm də sizin yaradıcı bir insan olduğunuz üçün hansısa fəlsəfi bağlılıq var?
- Keramika millətin pasportudur. Gördüyünüz kimi, bizim emalatxanaya daxil olan kimi də ilk olaraq hamını bu sloqan "qarşılayır”. Tarixdə qalan keramikadır. Arxeoloji qazıntılarda hamı keramika, saxsı nümunələr axtarır. Çünki millətin tarixi bununla ölçülür. İndi isə ölkəyə gələn turistlərə bu məhsulumuzu verməklə, dünyada tanınmağımıza bir qapı açmış oluruq.
- Bu missiyanı nə dərəcədə yerinə yetirə bilirsiniz? Yəni, özünəməxsusluğumuzu o suvenirlərdə hiss etmək olurmu?
- Çalışmışam ki, bu emalatxanada elə bir aura yaradım ki, işçilər yorulmasın. Çünki yaradıcı, eyni zamanda incə işlə məşğul olurlar. Onlar özlərini burada evlərindəki kimi hiss etməlidir ki, milliliyi, özünəməxsusluğu unutmasınlar. O cümlədən, bunu əl işlərində vurğulasınlar. Hər bir hədiyyəliyin üstündə rəssamlarımız tək-tək əllə işləyir. Ən müasir texnologiya ilə alınmış min illər solmayan dayanıqlı rənglərdən istifadə edirik və ən əsası bu suvenirlərdə özünəməxsusluğumuzu vurğulayırıq. Düşünürəm ki, hər evdə milli keramika nümunəsi olmalıdır. Bir şey ki, beş dəfə 1200 dərəcə temperaturda olan sobada hazırlanır və güclü enerji akkumulyasiya olunur. Bu enerji hər evdə paylaşılmalıdır.
- İşin ən çətin tərəfi marketinq yönü, satış işinin təşkilidir…
- İnsanların zövqü onların tərbiyəsi, mədəniyyəti və elmi ilə düz mütənasibdir. Onlar yoxdursa, zövqdən danışmağın yeri yoxdur. Həqiqətən də, bu işin ən çətin tərəfi satış işinin təşkilidir. Çünki bu həm də zövq məsələsidir. Məlumdur ki, İslam inancına görə, insan fiqurlarını hazırlamaq, almaq olmaz deyə bu məqam satışa təsir göstərir. Amma ölkədə keçirilən beynəlxalq tədbirlər zamanı, xarici qonaqlara verə biləcəyimiz milli suvenirlərimiz var.
Bizə dəstək üçün ən yaxşı kömək vergidən azad olmağımız ola bilər. Əl sənəti qonşu ölkələrdə bütün vergilərdən, hətta işıq pulundan da azaddır. Milliliyimizi özündə yaşadan bir sənətin inkişafı üçün dövlətin bizə güzəşt etməsinə ehtiyacımız var.
- Ölkəyə turist axını olduğu bir vaxtda bu sahəyə də marağın olması bəzi keramika ustalarının da diqqətini çəkə bilər. Rəqiblərinizin artacağından narahat deyilsiz?
- Qətiyyən. Əksinə, istəyirəm bu sənətin genişlənməsi naminə yeni emalatxanalar yaransın, amma sənət daha peşəkar şəkildə təqdim olunsun.
- Məhsulların qiyməti də çoxlarına maraqlıdır…
- Məhsullarımız arasında 2 manatdan 2 yüz manata qədər qiyməti olan keramik suvenirlər var. Ən ucuz məhsulun belə üzərində ən azı bir saat təkcə rəssam işi var.
- Siz keramik məhsullar istehsalına başlamazdan əvvəl də ölkə üçün faydalı işlərə imza atmış alim olmusunuz…
- Rusiyadan təhsil almaqdan yeni qayıtmışdıq. İnşaat Mühəndisləri İnstitutunda dosent işləyirdim. 90-cı illər idi. Adi təbaşir tapılmırdı. Evdə tərkibini düzəltdik, ətçəkən maşının quruluşuna dəyişiklik etdim, qabağına ştutser bağladım və birotaqlı mənzildə təbaşir düzəltməyə başladıq. Üç il orta məktəbləri təbaşirlə təmin etdik. Ev-eşiyimiz də elə o yolla əldə etdiyimiz qazancla qurduq. Bir az ağır iş idi, amma halal yolla pulumuzu qazanırdıq. Sonra o dövrdə ilk dəfə Azərbaycanda xüsusi yapışqan olan dekstrinin əsasını qoymuşam. Nəşriyyatlarda kitabların yapışdırılması əvvəllər yalnız bu məhlulla aparılırdı. İndi başqaları da çıxıb, amma bu texnologiya da işləyir. O zaman o yapışqanı mən hazırladım, mətbəədəkilər o qədər sevinmişdilər. İstehsal xəstəsiyəm. Yəni, tərkibini bildiyim məhsulları düzəltməyə çox həvəsliyəm. 13 il rəhbərlik etdiyim Azbentonit MMC-də ilk dəfə kalsit istehsalını da mən qurdum. Hazırda onlarla patentlik ixtiralarım var. Sadəcə, bunları patentləşdirməyə vaxt yoxdur.
- İxtiralarınız barədə məlumat verməyinizi istəyirik. Harada tətbiq olunur?
- Hazırda 3 ixtiramdan Rusiyada Perm Metallurgiya Zavodunda tətbiq olunur. Zavodda istehsal edilən qaz, elektrik sobalarının mina örtükləri, emal işləri həmin ixtiralar əsasında aparılır. Azərbaycanda sealit yatağı var. Sealitin sənayeyə tətbiqi ilə bağlı 3-4 patentim var. Mənim hələ tamamlamadığım kürəvilik nəzəriyyəm var. O nəzəriyyəyə görə, atomdan tutmuş, onun ətrafında fırlanan elektronlara qədər hər şey dairəvi formadadır. Ümumiyyətlə, yaradılan nə varsa, kürə formasındadır. Planetdə hər şey kürə şəklindədir. Mənim köküm sufizmə bağlıdır. Səmazənlərin rəqsinə baxın, o da kürə formasındadır. Bu da bir genetik yaddaşdır.
Məşğul olduğum gil materialı laylı quruluşa malik olmasına baxmayaraq, ona mikro səviyyədə baxanda kürə formasında görünür. Mən kiçik bir araşdırma apardım eyni həcmli iki cisim götürdüm biri kürə, o biri düzbucaqlı formasında. O nəticəyə gəldim ki, yumru formada olanın daxili enerjisi digərindən qat-qat üstündür. Kürəvilik həm də molekulyar quruluşdan irəli gəlir.
- Əksər elm adamları, xüsusulə dəqiq elmləri seçən insanlarda ateizmə bağlılıq olur. Sufizmə söykəndiyinizi nəzərə alsaq, bunu sizin haqqınızda deyə bilmərik yəqin ki…
- Allahın varlığını birmənalı qəbul edirəm. Bir məqamı xatırlatmaq istəyirəm. Dünyadakı ixtiraların patent səviyyəsinə baxanda 85-90 faizin Amerika, Avropa ölkələrinin və xristian cameəsinin payına düşdüyünü görərik. Qalan 5-7 faiz qeyri-xristianların, 3 milyard müsəlmanın bu sahəyə verdiyi payın səviyyəsi isə 2-3 faizdir. Bu qədər müsəlman faktiki inkişafa heç nə vermir. Mən ayinpərəstliyi, bu dünyada təkcə ibadətlə o dünyada cənnət təminatını qəbul etmirəm və mənim düşüncəmə görə, bu inancların yaradanla, Allahla heç bir əlaqəsi yoxdur. Allah yaradandır, ona görə də insan daim yaratmaq eşqi ilə yaşamalıdır. Elmli adamların ateizmə meyilli olması məhz bu və digər səbəblərdən qaynaqlanır.
- Siz həm də qəzəllər müəllifisiniz və kitablarınız çıxıb…
- Əvvəllər də şeir yazırdım. Bir dəfə İçərişəhərdən - Vahid bağından keçirdim. Vahid çay evində efirdən tanıdığım qəzəlxan Həkim Qənini gördüm. Şeir deyirdilər. Mən də həmin məclisə qatıldım, o görüşdən sonra Əvəz Qurbanlının sayəsində əruz vəznini öyrəndim və yazmağa başladım.
- Cəmiyyətdə elmli insanların olması üçün nələri önə çəkmək lazımdır?
- İstər real həyatda, istərsə də sosial şəbəkələrdəki aqressiyanın, gənclərin müxtəlif dini qruplaşmalara meyilli olmasının tək səbəbi kitabsızlıqdır. Oxumaq insanı saflaşdırır, lazımsız söhbətlərdən uzaqlaşdırır. Kütləvi olaraq kitabdan uzaqlaşmağımızın nəticəsi bu gün eşitdiyimiz mənfi xəbərlərdir. Elmli gənclərimizin çox olması bütün ölkəmizin qazancıdır./hafta.az/
MediaFax