BMT-nin baş katibi Azərbaycanla əməkdaşlıqdan yazdı

BMT baş katibi Əli Əhmədova məktub ünvanlayıb

BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədova məktub ünvanlayıb.
 
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, A. Quterreş məktubda bildirib ki, Azərbaycanda  "Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb və Azərbaycanın dayanıqlı inkişaf, o cümlədən, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin ona xoş təsir bağışlayıb.
 
Azərbaycanın uğurlu fəaliyyətində BMT-nin də iştirakının  onda qürur hissi doğurduğunu nəzərə çatdıran BMT-nin baş katibi  Azərbaycan hökumətinin Dayanıqlı İnkişaf Məqsədlərinin "Azərbaycan-2020” Proqramı çərçivəsində həyata keçirəcəyi işləri daim dəstəkləyəcəyini vurğulayıb. A. Quterreş Müasir dünyada münaqişələrin qarşısının alınması və həlli, insan haqlarına və beynəlxalq humanitar hüquqa hörmətin təşviq olunması, qeyri-bərabərliyin və təcrid olunmanın aradan qaldırılması istiqamətində BMT-nin potensialının artırılması üçün var qüvvəsi ilə çalışacağını vəd edib. BMT baş katibi  hazırda beynəlxalq müstəvidə baş verən yeni çağırışları səmərəli şəkildə  cavablandırmaq üçün birgə tədbirlərin görülməsi istiqamətində BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib./APA/

MediaFax