Bir gündə üç intihar...

Son bir neçə ay ərzində intihar edənlərin sayı artıb.
 
Bu gün saat 12-yə kimi artıq respublika ərazisində intihar və intihara cəhdlə bağlı 3 xəbər almışıq.

Tovuz rayonunun Qəribli kənd sakini Tahirov İsa İkram oğlu özünü yaşadığı evin həyətində asıb.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Analoji hadisə Quba rayonunda baş verib. 50 yaşlı rayon sakini Rəsmiyyə Ramiz qızı Məhərrəmova üzərinə benzin tökərək od vurub. Nəticədə o, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Digər bir intihara cəhd hadisəsi Bakıda baş verib. Ana azyaşlı övladı ilə birgə intihara cəhd edib. Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev, 94 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məhbubə Mövlud qızı Bayramova azyaşlı övladı ilə birgə beş mərtəbəli binanın damına çıxaraq özlərini atmaq istəyib. Hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.

M. Bayramova polisə verdiyi ilkin ifadəsində məhkəmə qərarına etiraz olaraq bu addımı atdığını qeyd edib.

Qeyd edək ki, ötən gün kriminal xəbərlərin xronikasına əsasən, 6 nəfərin intihar etdiyi məlum olub. Təkcə yanvar ayında intihar və intihara cəhd edənlərin sayı 54 nəfərə çatıb.

Rəsmi statistikaya görə, ötən il intihar edənlərin sayı 500-dən çox olub. Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin məlumatına görə, 2016-cı ilin təkcə 9 ayı ərzində intiharla bağlı ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı isə 27 nəfər olub.

2015-ci ildə isə özünəqəsdlə bağlı 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Psixoloqlar son vaxtlar artan intiharları yoxsulluq, sosial-iqtisadi vəziyyətin çətinliyi, işsizlik, cəzalandırılmadan irəli gələn qorxu, psixi xəstəliklər, ailədəki problemlər, sağalmaz xəstəliklərə yoluxma və digər səbəblərlə əlaqələndirirlər./virtualaz.org/

MediaFax