Ölkəmizdə toylara çəkilən xərc orta aylıq maaşın 9,7 mislinə bərabərdir
Xeyli müddətdir ki, ölkədə toy böhranı yaşanmaqdadır. Araşdırma zamanı məlum olub ki, əvvəllər bir ay ərzində ən azı 20 toy sifarişi alan şadlıq sarayları indi cəmi 8-10 sifariş ala bilir. Nəticədə şadlıq evlərində çoxlu sayda işçi, o cümlədən hətta bir çox tanınmış musiqiçilər ixtisara salınıb.
Lakin iş bununla da bitmir, bəzi şadlıq evlərinin rəhbərliyi yaranmış bahaçılıqla ayaqlaşmaq üçün menyuların da tərkibində dəyişiklik etməyə, yeməklərin sayını azaltmağa başlayıb.
Halbuki bundan əvvəl Azərbaycan toylarında xeyli israfçılığa yol verilirdi. Statistik məlumata görə, ölkəmiz toylara çəkilən xərclər üzrə liderlər sırasındadır.
Hətta məlum olub ki, Azərbaycanda toylara çəkilən xərclər orta hesabla zəngin ərəblərin toy xərclərindən çoxdur. Ölkəmizdə toylara çəkilən xərc orta aylıq maaşın 9,7 mislinə bərabərdir.
Maraqlıdır, böhran toylarımızda baş verən israfçılığın aradan qaldırılmasına təsir edəcəkmi? Ekspertlər qeyd edir ki, əgər israfçılığa son qoyularsa, toy sahibləri ağır toy xərcindən xilas olar, beləliklə, toy sifarişlərinin sayı da artmağa başlayar.
İqtisadçı Qadir İbrahimli isə məsələyə bu cür şərh bildirdi: "Məsələyə iqtisadi nöqteyi-nəzərdən yanaşsaq, toyların indiki formatı qətiyyən toy sahiblərinin marağına uyğun deyil. Çünki toylarda toy sahiblərinə məcburi menyu təqdim olunur, həmin menyular şadlıq evlərinin rəhbərləri tərəfindən diktə edilir. Toy sahibləri də diktə edilən menyu ilə razılaşmalı olurlar. Yəni toyun maliyyə dəyəri şadlıq evlərinin rəhbərləri tərəfindən müəyyən edilir.
Bu baxımdan, toyların formatı toy sahiblərinin deyil, şadlıq evlərinin rəhbərlərinin maraqlarına uyğun tənzimlənir. Lakin hazırkı yaşanan proseslər təbii ki, bu formatı dəyişəcək və bu, reallıqdır. Çünki əhalinin gəlirlərinin azalması ənənəvi formatı dağıdır. Hesab edirəm ki, ölkədə yaşanan böhran yaxın bir neçə il də davam edəcəksə əhalinin gəlirlərinin daha da azalması baş verəcək və insanlar bu halda daha sadə toy məclisləri qurmağa çalışacaqlar. Bu da şadlıq evlərinin sahiblərini menyu formatında dəyişiklik etmək məcburiyyətində qoyacaq”./musavat.com/
MediaFax