Bəzi müğənnilər toya dollarla gedirlər - Deputat

Çingiz Qənizadə: "İş o yerə çatıb ki, hətta müğənnilər toya dollarla gedir”

Milli Məclisin 2017-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrində çıxış edən deputat Çingiz Qənizadə büdcə vəsaitlərinin səmərəli xərclənməsi və vəsaitləri daha zəruri sahələrə ayırmaqla bağlı təkliflər verib: "Bu gün ölkədə 9 min qaçqın və məcburi köçkün ailəsi hələ də mənzillə təmin olunmayıb, ancaq idman obyektlərinin tikilməsinə böyük vəsaitlər ayrılıb. Bizim həmvətənlərimiz acınacaqlı vəziyyətdə yaşayırlar. Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlə bağlı yeyintilər müşahidə olunur. Ona görə də biz onlara ayrılan güzəştləri yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, məhz qaçqınların özlərinin əli ilə reallaşdırmalıyıq. Belə olan halda büdcədən yeyintilərin də qarşısını ala bilərik”. 

Ç.Qənizadə valyuta bazarındakı problemə də toxunub: "Sovet dövründə alver və möhtəkirlik qadağan olunsa da, həm Kremlin yanında, həm də Bakıda, "Kubinka”da alver gedirdi. Ancaq sonra valyutadəyişmə fəaliyyətinə "yaşıl işıq” yandırılandan sonra vəziyyət dəyişdi. Valyutadəyişmə məntəqələrinin tez-tələsik ləğv edilməsi ilə bağlı verdiyimiz qərar "qara bazar"ın yaranmasına səbəb oldu. İş o yerə çatıb ki, hətta müğənnilərdən biri deyib ki, "biz toya dollarla gedirik". Milli valyutamız manatdırsa, niyə dollarla gedirlər? İstənilən halda biz manatın dəyərinin özünə qayıtmasına çalışmalıyıq”.

Deputat özəlləşdirmə ilə bağlı da çağırış edib: "Özəlləşdirmədən qorxmaq lazım deyil. Amma bu məsələdə olduqca ehtiyatlı olmaq lazımdır”. 

Ç.Qənizadə hüquq müdafiəçisi olaraq, bir məsələyə də münasibət bildirmək istədiyini deyib: "Dünən DTX-nin əməkdaşları daha bir reket saytının baş redaktorunu həbs ediblər. Bu, artıq üçüncü həbsdir. Mən hesab edirəm ki, həm ölkəmizdəki sağlam jurnalistlər, həm də Azərbaycan ictimaiyyəti cəmiyyətimizdə xərçəng kimi bir bəlaya çevrilən bu problemlə bağlı belə həbsləri alqışlamalı və buna dəstək verməlidirlər”./musavat.com/

MediaFax