Bəzi məktəblər 11 illik təhsildən məhrum edilir? - Nazirlikdən açıqlama

Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblər 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcək.
 
Bununla bağlı saytımıza daxil olan məlumatda bildirilir ki, bəzi məktəblərdə şagird sayının azalmasının, yuxarı siniflərdə - 10-11- davamiyyəti göstəcilərinin həddindən artıq pisləşməsinin bu addımın atılmasında müəyyən rolu var. Araşdırmalar göstərib ki, bəzi kənd məktəblərində 9-cu sinfi bitirən məzunlar, sonrakı iki ili 10-11-ci siniflərə getməkdənsə, repititor yanında təhsil almağa üstünlük verirlər. Ya da daha yaxşı təhsil verən məktəblərə dəyişirlər...  Eyni zamanda məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində "fəaliyyət göstərirmiş”.

Nəticədə də bəzi təhsil ocaqlarının 10-11-ci siniflərində davamiyyətin çox pis göstəricilərlə müşayiət olunduğu vurğulanır. 

Bu və digər məsələləri nəzərə alaraq, bəzi rayonlarda 11 illik məktəblərin 9 illiyə keçid etməsi barədə qərar verilib.

Məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov belə bir halın mümkünlüyünü istisna edib.

"11 illik məktəblərin 9 illik məktəblərlə əvəzlənməsi yanlış məlumatdır”.

Ancaq qeyri-rəsmi məlumata görə, artıq bəzi rayonların Təhsil şöbələrinə bir sıra məktəblərin tam orta təhsildən (10-11-ci sinif) ümumi orta təhsil (9-cu sinif) verməyə keçid etməsi barədə xəbərdarlıq da edilib. Prosesin növbəti təhsil ilində gerçəkləşdiriləcəyi gözlənilir./modern.az/

MediaFax