Beynəlxalq Bankın sağlamlaşdırılması tədbirləri çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də "Bank of Baku” ASC-nin İdarə Heyətinin hazırki sədri Abbas İbrahimovun sözügedən banka rəhbər vəzifəyə gətiriləcəyi xəbəridir. Bu xəbər rəsmi təsdiqini tapmasa da, mətbuatda geniş müzakirə olunur.
Mediada yazılanlara görə, "Bank of Baku” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin oluna bilər. Məlumatda deyilir ki, hazırkı sədr Abbas İbrahimovun işdən çıxacağı, onun yerinə sədr müavini Eldar Həmidovun təyin ediləcəyi gözlənilir.
A.İbrahimovun isə Beynəlxalq Bank rəhbəri gətiriləcəyi deyilir. Onunla birlikdə "Bank of Baku”nun İH sədrinin I müavini Nahid Zeynalovun və sədr müavini Zaur Qaraisayevin də ABB-yə transfer olunacağı, bu bankda rəhbər vəzifələr tutacağı bildirilir.
Məsələyə münasibət bildirən A.İbrahimov isə "Report"a açıqlamasında hələ ki, sədr vəzifəsini icra etdiyini, bu mövzuda yenilik olarsa, "Bank of Baku"nun rəsmi qaydada açıqlama yayacağını deyib.
Ekspertlər də hesab edir ki, bankın sağlamlaşdırılmasına kadr islahatlarından başlamaq lazımdır.
İqtisadçı-hüquqşünas, uzun illər bank sektorunda çalışan Əkrəm Həsənov açıqlamasında bildirdi ki, "Bank of Baku” digər banklara nisbətdə yaxşı idarə olunur və onun rəhbərinin Beynəlxalq Banka təyin olunması ağlabatandır: "Beynəlxalq Bankın sağlamlaşdırılmasına ehtiyac var. Çünki Beynəlxalq Bank gec-tez özəlləşdirilməlidir. Onun dövlət bankı kimi saxlanılıb idarə edilməsi mümkün deyil. Bu baxımdan özəlləşdirmədən qabaq onu sağlamlaşdırmaq lazımdır. Beynəlxalq Bankda vəziyyət həqiqətən gərgindir. Cahangir Hacıyevdən sonra da elə şəxs gətirildi ki, onun əvvəlki prosesləri davam etdirəcəyi açıq-aşkardır. Hazırda Beynəlxalq Bankın yeni İdarə Heyətinin sədri Xalid Əhədovdur. Ola bilər ki, rəhbərliyin "Bank of Baku”dan gətirilmək istəməsinin səbəbi budur. Çünki Xalid Əhədov özü bank fəaliyyətinə "Bank of Baku”da başlayıb, adi işçidən İdarə Heyətinin sədrinə qədər qalxıb. Sonradan "Unibank”a keçib. "Unibank”ın İdarə Heyətinin sədr müavini olub. "Bank of Baku”nun bəzi işçiləri də ondan sonra "Unibank”a gəliblər. Sonra da Xalid Əhədov "Bank- Standart”ın müvəqqəti inzibatçısı oldu. Sonra oradan "Azər Türk Bank”a keçdi, oradan da Beynəlxalq Banka gəldi. İndi "Bank of Baku”nun rəhbərliyinin Beynəlxalq Bankın rəhbərliyinə gətirilməsinin səbəbi bu ola bilər. Lakin Xalid Əhədov "Unibank”da da işləyib. Ola bilər ki, oradan da hansısa işçilər oraya gətirilsin”.
Ə. Həsənovun sözlərinə görə, "Bank of Baku”da olan sistem, qayda-qanun Azərbaycanın digər banklarından xeyli yaxşıdır: "Mən özüm də vaxtilə "Bank of Baku”da işləmişəm. " Diqqət etsəniz Azərbaycan banklarında "Bank of Baku”dan çıxan adamlar çoxdur. Düzdür hazırda xeyli insan "Bank of Baku”dan narazıdır. Çünki borcları çox böyük faizlərlə veriblər. Mən özüm də həmin şəxslərə belə işlərində "Bank of Baku”ya qarşı köməklik edirəm. Amma orada demək olar korrupsiya yoxdur, işə götürmə qaydaları şəffafdı. Oradakı idarəetmə sistemi haradasa Avropa standartların uyğundur. Buna görə də orada kadrların inkişafı sistemi də pis deyil. Bu ölkənin ən yaxşı idarə olunan banklarından biridir, kadrları təmizdir. Bəlkə də buna görə söhbət gəzir ki, rəhbərlik "Bank of Baku”dan gətiriləcək. Əslində bu heç də pis olmaz. Lakin başqa bir məsələ də var ki, "Bank of Baku”nu kim idarə edəcək? Rəhbər şəxs oradan gedəcəkmi? Bu artıq həmin bankın daxili problemidir. Lakin hər bir halda belə bir addım gözlənilir. Əgər məndən soruşsalar ki, nisbətən hansı bankın rəhbərinin siyasəti düzgündür, təbii ki, "Bank of Baku”nun adını çəkərəm. Lakin bu bankın borclarla bağlı əhalinin başına açdığı oyunlar da göz qabağındadır. Bunu heç kim dana bilməz. Ancaq "Unibank”a baxanda o qədər də pis deyil”.
Ekspertin sözlərinə görə, Beynəlxalq Bank sağlamlaşdırıldıqdan sonra özəlləşdirilməyə çıxarılacaq və bu mənada oraya rəhbər təyin olunan şəxs bankın yeni sahibinin qərarı ilə kənarlaşdırıla bilər: "Mən o fikirlə razıyam ki, "Bank of Baku”nun kadrları Beynəlxalq bankı yaxşı idarə edə bilərlər. Lakin bu müvəqqəti olacaq. Çünki Beynəlxalq Bank özəlləşdirilməlidir. Özəlləşdirmədən sonra bu bankın yeni sahibləri oraya tamam başqa dam gətirmək istəyəcəklər. Lakin gətirilən kadrlar savadlı olsalar, onlar da qalıb işlərini davam etdirə bilərlər.
Beynəlxalq Bankın sağlamlaşdırılması əsasən kadrlardan başlayır. İkincisi bankın kimlərəsə əyri yollarla verdiyi kreditlər üzə çıxarılmalıdır və onların geri qaytarılması tələb olunmalıdır. Üçüncüsü Beynəlxalq Bankın işçi ştatı həddindən artıq çoxdur, əksəriyyəti də qohumluq, tanışlıq və rüşvətlə işə qəbul olunan adamlardır.
Yeni gələn rəhbər aşağıdan başlayaraq kadrları yeniləməlidir, ixtisar olunmalıdır. Bank kredit siyasətində yeni qaydalar tətbiq etməlidir. Bu çox ağrılı bir prosesdir. Bunun öhdəsindən nə qədər gələ biləcəklər, nə qədər şəffaf işləyəcəklər, bunlar ayrı bir mövzudur”./musavat.com/