“Beşiktaş”ın Bakı səfəri niyə yubanır? - Açıqlama

"Beşiktaş" rəsmilərinin Bakıya gəlişinin yubanma səbəbinə aydınlıq gəlib.
 
Səbəb hazırda Türkiyədə Rusiya səfirinin öldürülməsi ilə bağlı yaranan siyasi qarışıqlıqdır.

Saytımıza açıqlamasında bunu "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl deyib:

"Beşiktaş"ın 2 rəsmisi bu həftə Bakıya gəlməli idi. Onlarla biz qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalamalı idik. Lakin bu səfər yubanır. Səfərin yubanması İstanbulda baş verən son olaydan sonra hazırda orda yaranmış ciddi durumla bağlıdır".

Əmrah Çəlikəl həmçinin onu da qeyd edib ki, bu ay Bakıda "Qarabağ"la "Beşiktaş" arasında yoldaşlıq oyunu keçirilməyəcək: "Siz qeyd etdiyiniz kimi, dünəndən Azərbaycanda artıq futbol mövsümünün ilk yarısı başa çatıb. Hələ kubok matçından öncə legionerlərin bəzilərini Milad Bayramı ilə əlaqədar olaraq ölkələrinə yola saldıq. Komanda artıq istirahətdədir. Ona görə də "Beşiktaş"la istəsək də, bu ay Bakıda yoldaşlıq oyunu keçirməyimiz mümkün deyil. Ancaq əməkdaşlıq müqaviləsi imzalandıqdan sonra belə bir oyunun keçirilməsi tarixi də müəyyənləşəcək. Ola bilsin ki, bu matç Antalyada və ya başqa yerdə baş tutsun".

Qeyd edək ki, "Beşiktaş" rəsmilərinin Bakıya gəlişinin bir səbəbi də İstanbul klubunun burda "Kartal Yuvası" adlanan fan-şop açmasıdır./qaynarinfo.az/

MediaFax