Ağcabədidə 6 yaşlı uşaq dünyasını dəyişib
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
Halı pisləşən 2010-cu il təvəllüdlü Elton Şirinovu əvvəlcə kənd həkimi müayinə edib, daha sonra Ağcabədi Uşaq Xəstəxanasına aparılan Eltonu həkimlər ordan Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndəriblər. Lakin körpəni orda da palataya yerləşdirməyiblər və Mingəçevir Şəhər Xəstəxanasına çatdırılmasını məsləhət görüblər. Mingəçevirə aparılan uşaq yolda həyatını itirib.
Eltonun babası Əsgər Məmmədov hadisəni belə təsvir edib: "Elton mənim qız nəvəmdi. Atası Bakıda türmədədir 15-ci kolonda. Getdilər türməyə, orda çörək yeyiblər. Pomidor turşusu yeyiblər. Aradan 1-2 saat keçəndən sonra deyib ki, mənim qarnım ağrıyır. Gətirdik, burda öz yerli həkimimiz var, müalicə elədi, sistem köçürdü. Gördük vəziyyət pisdir, götürdük rayon xəstəxanasına. Rayonda aparata salıblar, hər yeri salamat çıxıb. Sonra qəbul eləməyib göndəriblər Bərdəyə, Bərdə də qəbul eləməyib, çıxdıq yola. Yevlaxda uşaq dünyasını dəyişdi".
Ağcabədi Uşaq Xəstəxanasının baş həkimi Rəfiqə Şirinova bildirib ki, Xəstəxanada uşaq cərrahı olmadığı üçün Elton Şirinov Bərdə Uşaq Xəstəxanasına göndərilib. Eltonun Bərdəyə göndərilməsinin əsas səbəbi isə onda botulizm yox, ağciyər çatışmazlığının aşkarlanması olub: "Düzdür, uşaq Ağcabədi Uşaq Xəstəxanasına müraciət etmişdi. Amma müraciət edərkən uşağın vəziyyəti çox ağır halda olmuşdu. Növbədə olan həkim cərrah-həkimə ehtiyac duyduğu üçün onu cərrahiyyə şöbəsinə göndərmişdi. Cərrahi şöbədə tənəffüs çatışmazlığı müşahidə olunub. Ağcabədi xəstəxanasının uşaq cərrahiyyə mərkəzi olmadığı üçün Bərdə Uşaq Cərrahi Mərkəzinə göndərilib. Valideynlər, düzdür, pomidor turşusundan öldüyünü deyirlər. Amma götürülən materiallar bunu təsdiq etməmişdi. Bizim fikrimizə görə, uşaq ağciyər çatışmazlığından vəfat edib".
Eltonun babası Əsgər Məmmədov ailədə 4 qardaşdan üçüncüsü olan Eltonun ölümü ilə bağlı heç kimdən şikayət etməyəcəyini deyib: "Mənim övladım gedib, həkimi təzədən necə asım-kəsim? Sağ qalsaydı, həkimlər baxmasaydı, şikayətçi olardım. Amma indi niyə bais olum çörəyinə?”./politika.az/
MediaFax