Benzinin qiymətinin qalxması nələrə təsir edəcək? - Deputat açıqladı

Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov Azərbaycanda "Aİ-95” premium markalı benzinin qiymətinin 0,95 AZN-dən 1,05 AZN-ə yüksəlməsinə münasibət bildirib.

V.Əhmədov açıqlamasında deyib ki, "Aİ-95” markalı benzinin qiyməti Azərbaycan Tarif Şurası tərəfindən tənzimlənmir:

"Ancaq ölkədə istehsal olunan digər benzin markalarının qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Ona görə də "Aİ-95” markalı benzinin qiymətinin tənzimlənməsi dövlətin əlində olan məsələ deyil. Bu benzin xaricdən idxal olunduğu üçün, qiyməti artırılıb”.

V.Əhmədov qeyd edib ki, "Aİ-95” markalı benzin Azərbaycanda istehsal edilmir:

"Bu benzin Azərbaycana xaricdən idxal olunur. Dünyada dolların qiyməti dəyişdiyi üçün "Aİ-95” markalı benzinin də qiyməti qalxıb”.

Deputat söyləyib ki, "Aİ-95” markalı benzinin qiymətinin qalxmasının ümumi əhaliyə ciddi təsiri olmayacaq:

"Çünki "Aİ-95” markalı benzini daha çox imkanlı şəxslər lüks avtomobillərinə tökürlər. Azərbaycanda əksər sürücülər "Aİ-92” və "Aİ-72” benzinindən istifadə edirlər. Ona görə də "Aİ-95” markalı benzinin qalxması Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək”.

Azərbaycanda istehsal edilən digər markalı benzin markalarının qiymətlərinin qalxması ehtimalına da toxunan V.Əhmədov "Aİ-92” və "Aİ-72” benzinlərinin qiymətinin qalxması ilə bağlı hər hansı məlumata malik olmadığını bildirib:

"Azərbaycanda "Aİ-92” və "Aİ-72” benzinin qiymətinin qalxıb-qalxmayacağı və bununla bağlı Tarif Şurasının müraciət edilməsi barədə dəqiq nə isə deyə bilmərəm. Ancaq indiki şəraitdə "Aİ-92” və "Aİ-72” benzin növlərinin qiymətinin qaldırılması məqsədəuyğun deyil. Şəxsən mən bunu məsləhət görmürəm. Əhalinin vəziyyətini və manatın devalvasiyasını nəzərə almaq mütləq lazımdır”./ölkə.az/

MediaFax