Bakı Dövlət Universitenin Jurnalistika fakiltəsinin dekan müavini Aytəkin Zeynalovanın sosial şəbəklərdə yayılmış səs yazısı geniş rezonans doğurub.
Məsələ ilə bağlı universitetin mətbuat xidməti ilə əlaqə saxlanılıb və münasibət öyrənilib.
Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib ki, son günlər bir sıra saytlarda və sosial şəbəkələrdə Bakı Dövlət Universitenini Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın tələbələrə ünvanlanmış səsli mesajı yayılıb. "Bu barədə müəyyən açıqlamalar verilməsinə baxmayaraq məsələnin hələ də gündəmdə qalması təəssüf doğurur. Belə ki, fakültənin ikinci kurs tələbələrindən 13 nəfərin "Politologiya” fənni üzrə imtahandan qeyri-kafi qiymət alması əsassız olaraq bu hadisə ilə əlaqələndirilib, tələbələrin guya imtahandan qəsdən kəsilmələri kimi təqdim edilib.
Bu məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə dekan müavini A.Zeynalova rektorluğun 27.01.2017-ci il tarixində keçirilən iclasına dəvət edilib, fakültə dekanları və bəzi ağsaqqal müəllimlərin iştirakı ilə məsələ ətraflı müzakirə olunub.
Müzakirə zamanı qeyd edilib ki, mesajda səslənən fikirlər ifadə tonuna və məzmununa görə bir sıra hallarda etik qaydalardan kənara çıxır və fikrin belə ifadə edilməsi arzuolunmazdır.
Dekan müavini öz səhvini etiraf edərək bildirib ki, Bakı Dövlət Universitetinin ən qabaqcıl və zəngin tarixi ənənələrə malik fakültələrindən biri, onun yüzlərlə dəyərli jurnalist kadrlar yetişdirməkdə əvəzsiz xidmətləri olan müəllimləri, fakültənin rəhbərliyi və tanınmış alimlər barədə sosial şəbəkələrdə yayılan etik normalara sığmayan yazılar, təhqir və şəxsiyyətin alçaldılmasına ünvanlanmış məlumatlar onda ciddi narahatlıq doğurub.
Buna baxmayaraq, dekan müavini A.Zeynalovanın hisslərini idarə edə bilməməsi pis hal kimi qiymətləndirilib, fakültənin rəhbəri professor Cahangir Məmmədliyə tapşırılıb ki, bu məsələ fakültə Elmi Şurasında ətraflı müzakirə edilsin, müəllim-tələbə münasibətlərinin bir qədər də yaxşılaşması məsələsi və bununla bağlı bütün proseslər ciddi nəzarətdə saxlanılsın.
İclasdan sonra Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov fakültə dekanlarının, Politologiya kafedrasının müəllimləri və rəhbərliyinin iştirakı ilə jurnalistika fakültəsinin "Politologiya” fənnindən qeyri-kafi qiymət almış tələbələrini qəbul edib. Aparılan müzakirələr əsasında müəyyən edilib ki, tələbələrin imtahandan kəsilməsi heç də göstərilən məsələ ilə əlaqədar deyil.
Tələbələrin özləri də etiraf edib ki, imtahana yaxşı hazırlaşmadıqlarına görə yazı işləri çox zəifdir və onların qeyri-kafi qiymətləndirilməsi obyektiv yanaşmadır.
Universitetdə mövcud olan ənənələrə uyğun olaraq, 50 %-dən artıq F (qeyri-kafi) qiymət almış qruplardakı tələbələrə şamil edilən qayda burada da nəzərə alınıb, fevral ayının 3-də həmin tələbələr üçün yenidən imtahan keçirilməsinə qərar verilib.
Rektor Abel Məhərrəmov Politologiya kafedrasının rəhbərliyinə tapşırıb ki, tələbələrə iki günlük məsləhət saatlarının təşkil edilməsi və bütün sualların yenidən ətraflı aydınlaşdırılması təmin edilsin.
Həmçinin tələbələrə tövsiyə edilib ki, kənar təsirlərə uymasınlar və təhsil müddətində dövlətə, dövlətçiliyə sadiq bir vətəndaş, gələcəyin əsl jurnalisti kimi yetişməyə səy göstərsinlər”./modern.az/