Bayraq qalmaqalı Abıyevə baha başa gəlir - Yeni

Noyabrın 9-da, Bayraq Günü Daşkəsəndə bayraq şousu icra başçısı Əhəd Abıyevə baha başa gəlib

Politika.Az-a rayondakı mənbələrdən sızan xəbərə görə, Ermənistan yerinə Kolumbiya bayrağının maketini sındıran Abıyevə töhmət verilib. 

Mənbənin sözlərinə görə, icra başçısına yuxarıdan zəng olunub. Yol uzaq olduğuna görə icra hakimi Prezident Administrasiyasına çağırılmayıb. Ona telefonda qiyabi şəkildə xəbərdarlıq olunub. 

Nəzərinə çatdırılıb ki, Daşkəsəndə təşkil etdiyi tədbiri üz-gözünə bulaşdırıb. Ona deyilib ki, ölkə rəhbərliyi məsələdən agahdır və heç də Ə.Abıyevin hərəkətləri onların xoşuna gəlməyib. 

Qaynaq iddia edir ki, Kolumbiya mətbuatının həmin biabırçılığı yazması PA-da qəzəblə qarşılanıb. Çünki məsələnin Latın Amerikasına qədər gedib çıxması və Ermənistanda məsxərəyə qoyulması ölkənin xarici siyasətinə mənfi xal qazandırıb. 

Ə.Abıyev ölkənin xarici siyasətini ələ salıb. Buna görə ona ciddi şəkildə xəbərdarlıq olunub. Deyilib ki, bu cür tədbirləri şouya çevirməsin, boksçu kimi meydana çıxıb ictimaiyyətdə gülüş obyekti olmasın və barmaqlarının sınması kimi qeyri-ciddi məsələləri mediada çıxarmasın. 

Politika.Az xatırladır ki, rayonun icra başçısı Əhəd Abıyev rəsmi Bakının Dağlıq Qarabağ və tolerantlıq siyasətinə qarşı gedib. 

O, 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb. Bu ayrı məsələdir ki, həmin bayrağın Kolumbiyaya aid olduğu üzə çıxıb. Əsas vacib məqam icra hakiminin hökumətin siyasətinin əleyhinə getməsidir. 

Ə.Abıyev ölkəyə gələn erməni fəallar - Vahe Avetyan, Mitrosyan və Ciqanyanın dövlət tərəfindən qarşılanaraq mühafizə olunması, onların dialoqonun təşkili, hotellərdə yerləşdirilməsi və təhlükəsizliyinin təmin edilməsi fonunda vitrini pozur. 

Daşkəsən meri Azərbaycanın tolerant, konstruktiv mövqeyinə zidd gedərək, sülh danışıqları prosesinə zərbə vuran addım atıb. Ümumiyyətlə, son zamanlar Daşkəsənin icra başçısının fəaliyyəti yuxarıları qane etmir. Onun hərəkətləri mərkəzlə razılaşdırılmamış və öz təşəbbüsü nəticəsində baş verir. Ona görə də Ə.Abıyevə "stop” deyilə bilər. 

Ə.Abıyev və müavini Namiq Süleymanovun taladığı zəngin sərvətlərə malik Daşkəsəndə Hesablama Palatasının yoxlamasına ciddi şəkildə zərurət var. 

Mənbənin qeydlərinə görə, müvafiq dövlət orqanları rayon rəhbərliyinin fəaliyyətini araşdırsa ortalığı çox ciddi qanun pozuntuları, büdcə yeyintiləri, məmurların əhalinin başına açdığı olmazın müsibətlər ifşa edilə bilər.

MediaFax