Baxçalı Rusiyanı qeyri-səmimilikdə günahlandırdı

Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Rusiya qırıcı təyyarəsinin Suriyanın Əl-Bab şəhəri yaxınlığında da Türkiyə hərbçilərinin olduğu binanın bombalaması və 4 əsgərin şəhid olmasına sərt reaksiya verib.
 
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, D. Baxçalı deyib ki, Rusiya əsgərləri şəhid edir, sonra da "pardon” deməklə kifayətlənir.
 
MHP lideri Rusiyanın daha sonra Türkiyə Silahlı Qüvvələrini yanlış koordinat verməkdə günahlandırdığını bildirib: "Rusiya əvvəlcə əsgərlərimizin olduğu binanın vurulmasının bir qəza olduğunu açıqladı. Ancaq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlaması Rusiyanın hadisə ilə bağlı izahının yanlış olduğunu ortaya qoydu. Rusiyanın olaya görə məsuliyyəti Türkiyə Silahlı Qüvvələrinin üzərinə qoymağa çalışması yaxşı niyyətdən qaynaqlanmır, əxlaqi baxımdan da düzgün deyil. Rusiyanın məqsədi nədir, nə etməyə çalışır? Bir pilotun ölümü ilə Rusiya Türkiyə ilə münasibətləri dayandırmaq nöqtəsinə gətirmişdi. İndi Rusiya əsgərlərimizi şəhid edir, "pardon” deməklə kifayətlənir. Üstəlik, daha sonra da  Türkiyə Silahlı Qüvvələrini günahlandırır. Bu, ayıbdır. Türkiyənin məsələyə reaksiya verməməsi necə gözlənilə bilər? PKK-nı terror təşkilatı saymayan Rusiya hakimiyyəti ölkəmiz qarşısında düşmən olmaq məsələsində adətən, istəklidir. Şəhidlərimizin hesabı mütləq soruşulmalıdır”.
 
D. Baxçalı Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Fərat qalxanı’ əməliyyatının artıq hədəfinə çatmalı olduğunu vurğulayıb: "İŞİD terror təşkilatı Əl-Babdan çıxarılmalıdır. Dualarımız qəhrəman əsgərlərimizlədir”./APA/

MediaFax