Baş prokuror Yevlaxda incidilən Qarabağ əlilini qəbul etdi

Dekabrın 9-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Yevlax rayonunda vətəndaşları qəbul etmişdi.
 
Bu zaman baş prokurorun qəbuluna yazılan 1-ci qrup Qarabağ müharibəsi əlili (hər iki gözünü itirmiş) Vəfadar Hüseynova qarşı Yevlax rayon polisi tərəfindən hörmətsizlik və qanunsuzluq halı baş vermişdi. Polislər Qarabağ əlilini sürüyərək zorla maşına basıb polis idarəsinə aparmış və onun baş prokurorla görüşünə mane olmuşdular.

Məsələ ilə əlaqədar redaksiyamızda olan Qarabağ qazisi başına gələnləri bizə danışmış və bununla da məsələ ictimailəşmişdi. Bu gün redaksiyamıza telefon açan Qarabağ əlili bildirdi ki, onu respublikanın baş prokuroru Zakir Qaralov qəbul edib və problemləri ilə maraqlanıb. Eyni zamanda Z.Qaralov baş verənlərdən təəssüfləndiyini söyləyib.

Baş prokuror Qarabağ əlilinə problemlərinin həllində əlindən gələn köməyi edəcəyini bildirib. O, Yevlax rayonunda V.Hüseynova köməklik göstərilməsi üçün müvafiq qurumlara tapşırıqlar verib.../qaziler.az/

MediaFax