Baş məşqçi kuryoz olaydan danışdı

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bugünlərdə Ukraynanın "Futbol 1” telekanalına müsahibəsində Azərbaycanda üzləşdiyi gülməli bir əhvalatdan bəhs edib.

O, bildirib ki, stadionda jurnalistə müsahibə verərkən bir azarkeş ona yaxınlaşaraq alışqan istəyib: "Bir gün "Qəbələ”nin əvəzedici komandasının oyununa baxmağa getdim. Jurnalistlərdən biri yaxınlaşdı ki, "Olar, kameraya bir neçə kəlmə danışasınız?” Müsahibə verdiyim yerdə biri yaxınlaşdı ki, alışqanınız olmaz? Stadionda o qədər adam var. Get, onlardan soruş də (gülür)”.

"Qəbələ” klubunun meneceri Səbuhi Səfiyarlı bu hadisə zamanı Roman Qriqorçukun yanında olub. O, açıqlamasında deyib ki, hadisə təqribən 1 il əvvəl baş verib:

"İndi yadımda deyil, Qəbələdə əvəzedicilərimiz hansısa komanda ilə oynayırdı. Hava da çox soyuq idi. O vaxt "Region” adlanan kanalın əməkdaşı yaxınlaşıb Qriqorçukdan müsahibə götürmək istədiyini söylədi. Razılaşdıq. İş elə gətirdi ki, hətta mikrofonu da özüm tutası oldum və tərcüməçilik etdim. Qriqorçuk kameraya danışan vaxt bir azarkeş yaxınlaşıb soruşdu ki, alışqanınız olmaz? Niyə belə etdiyini bilmədim. Qriqorçuk da məndən soruşdu ki, bəs o, nə istəyir. Dedim ki, alışqan. İndi bunu da gülmək tutub. Sonra çıxıb getdi. Stadionda 50-60 azarkeş var, get, onlardan istə də (gülür). Qriqorçuk əslində üzləşdiyi bütün bu hadisələri xatirə kimi toplayır. Yəqin ki, nə vaxtsa kitab yazacaq”./qol.az/

MediaFax