Bankların məzənnə “oyunu” - Ekspert şərhi

"Banklar dollar alışı ilə bağlı dəhşətli dərəcədə manipulyasiya edirlər”.
 
Bu sözləri iqtisadçı Azər Mehdiyev dolların kursunun azalmasını şərh edərkən deyib.
 
O bildirib ki, bir çox banklar dolların alış kursunu lövhələrdə belə göstərməkdən imtina edib: "Dolların alış kursunu kəskin azaldıblar. Məqsəd son günlər manatın bahalaşması dalğasında panikanı artırmaqla əllərdə olan dolları ucuz alıb kurs fərqindən böyük qazanc götürməkdir. Əlbəttə ki, kommersiya qurumları olan bankların mənfəət üçün özlərinə sərf edən addımlar atmasını haradasa başa düşmək olar. Amma bundan zərbə alan milli valyutaya olan etimad məsələsidir.
 
İndiki durumda manatın sabitliyini təmin etməklə iqtisadiyyatda olan son dərəcə böyük qeyri-müəyyənliyi azaltmaq investisiya mühiti baxımından çox önəmlidir”.
 
Azər Mehdiyev qeyd edib ki, bankların məzənnə manipulyasiyaları hesabına böyük gəlirlər götürmək cəhdləri iqtisadi sabitləşməyə, həm də əhalinin əksər təbəqələrinə böyük zərbə vurur: "Hökumət insanların əlinə manat düşən kimi qaçıb dollar almasını istəmirsə, onda manatın məzənnəsində nisbi sabitliyə nail olmaq önəmlidir. Bu cür "məzənnə oyunları"ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq”./bakipost.az/

MediaFax