Banklar dollar satmır, “qara bazar” canlanır - Günahkar kimdir?

Ötən ilin dekabrın sonlarından etibarən ölkədə fəaliyyət göstərən əksər banklar müştərilərinə dollar satmaqdan imtina ediblər.

"Qafqazinfo” xəbər verir ki, ilin sonunda 32 bankdan cəmi 6-sı dollar satırdı. Satılan məbləğin də maksimum miqdarı 100 dollar idi. Bayram ərəfəsində də ölkədə eyni vəziyyət müşahidə edildi. Yeni ilin ilk günlərindən etibarən isə bankların demək olar ki hamısı dollar satışından imtina edib. İndi 32 bankdan yalnız biri, yəni "Bank Silk Vey” müştərilərinə beynəlxalq hava limanında 100 dollar satır. Sərnişinlər uçuş biletini göstərməklə dollar əldə edə bilərlər. "Acsess Bank”da isə yalnız filiallarda dollar varsa, onu müştərilərinə satır.

Belə olan halda banklarda dollar tapa bilməyən müştərilər "qara bazar”a müraciət edir. Qeyri-qanuni fəaliyyət göstərən "qara bazar”da isə nə qədər istəsən dollar tapmaq mümkündür. Özü də rəsmi məzənnədən bir neçə dəfə baha. İndi "qara bazar” da dolların satışı 1,98 AZN civarındadır.

Bildiyimiz kimi, hazırda banklarla bağlı məsələlərə Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərlik edir. Ancaq Palatadan "Qafqazinfo” ya bildirilib ki, bankların dollar satmamasının onlara aidiyyatı yoxdur. Çünki ölkədə pul siyasətini Mərkəzi Bank həyata keçirir.

Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev isə öz növbəsində banklara nəzarət məsələsinin Palatanın səlahiyyətində olduğunu qeyd edib: "Mərkəzi Bank fərdi və individual banklarla işləmir. Ona görə də məsələyə münasibət bildirə bilmərik”.

Maraqlıdır ki, hər iki qurumum rəsmiləri problemdən yayınaraq məsələni bir-birinin üstünə atmağa çalışırlar. Nəticədə zərər müştərilərə dəyir, onlar bankdan dollar ala bilmirlər və son variant kimi "qara bazar”a müraciət edirlər.

MediaFax