Bank sədri məhkəmədə dindiriləcək

Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə həbsdə olan şahid Arzu Bəndəliyev ifadə verib. Hakim bildirib ki, A. Bəndəliyevin adına 40 min manat, bacısının adına isə 250 min manat məbləğində kredit götürülüb. Şahid isə bu krediti özü deyil, təqsirləndirilən M. Bayramovun götürdüyünü deyib. 
 
Təqsirləndirilən Müşfiq Bayramovun vəkili məhkəmədə vəsatətlə çıxış edərək, bankın idarə heyətinin sədri Nadir İsmayılovun və digər vəzifəli şəxslərinin də məhkəmədə əlavə şahid qismində dindirilməsini xahiş edib.  O, həmin şəxslərin siyahısını hakimə təqdim edib. 

Məhkəmə kollegiyası vəsatəti təmin edib və əlavə şahidlərin dindirilməsini mümkün sayıb. 

Sonra təqsirləndirilən Müşfiq Bayramov saxta sənədlər tərtib etdiyi məhkəmədə etiraf edib. O, məhkəmə tərəfindən banka sorğu verilməsini və çıxarılan pulların siyahısını əldə etməyi xahiş edib: "Bu zaman pulların hara və kimlərə verildiyi məlum olacaq". 

Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək. 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı "Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
 
İstintaq dövründə dəymiş ziyanın 41 min 300 manatının ödətdirilməsi təmin edilib./APA/


MediaFax