Bank rəhbəri “əlil” olarsa...

Rusiyada "Sberbank”ın direktoru, 7 il ərzində ölkənin iqtisadi inkişaf naziri işləmiş German Qref Beynəlxalq əlillər günü ilə bağlı maraqlı addım atıb.
 
O, fiziki imkanlarının məhdud olduğunu göstərən xüsusi geyimlə rəhbərlik etdiyi bankın filiallarından birinə yaxınlaşaraq kredit götürmək istəyib.

"RİA Novosti” xəbər verir ki, Qref talon götürərək kredit almaq istədiyini bildirib. Bankın əməkdaşı ilə söhbətində o, krediti əlil arabası almaq üçün götürdüyünü deyib.

Qeyd edib ki, 100 min rubl götürmək istəyir. Aylıq gəliri isə 30 min rubldur. Qref həmçinin gözlərinin tamamilə görmədiyini, qulağının isə çox zəif eşitdiyini bildirib.

O, bununla fiziki imkanları məhdud olan insanlara bankda necə xidmət göstərildiyini yoxlamaq istəyib.

Sonradan jurnalistlərlə söhbətində Qref qeyd edib ki, o, monitoru pis görürdü, operator qızın dediklərini isə güclə eşidirdi. Bir neçə dəqiqə "qəbulda” olduqdan sonra "Sberbank”ın rəhbəri operator xanıma onun yerinə keçməsini və özünü əlil kimi hiss etməsini xahiş edib. Deyib ki, əlillərə daha diqqətlə yanaşmaq və özünü onların yerinə qoymağa çalışmaq lazımdır.

Qeyd edək ki, German Qref 2007-ci ildən "Sberbank”a rəhbərlik edir./virtualaz.org/

MediaFax