“Balamın canı üçün o puldan mənə bir qəpik də çatmır” - MTN işi

Ləğv edilmiş MTN-in general-mayoru Mövlam Şıxəliyev və polkovnik-leytenantı Vüsal Ələkbərovun əməlləri Daxili İşlər Nazirliyinin mərhum generalı Rasim Musayevin də işə qarışmasına səbəb olubmuş.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R.Musayev dostu, zərərçəkən Bahəddin Sultanov üçün M.Şıxəliyevə zəng edib.

İstintaqa ifadə verən B.Sultanov deyib ki, 1994-2004-cü illərdə Binəqədi rayonunda "JEK” rəisi, sonra isə Biləcəri qəsəbəsi üzə icra nümayəndəsi işləyib. Hazırda "Bandotdel” tərəfindən istintaqı aparılan cinayət işi üzrə dələduzluqda ittiham edilərək həbs olunub: "1994-1995-ci illərdə Bakı-Sumqayıt yolunun "Vazın kruqu” deyilən yerin yaxınlığında 4 hektar yer alıb 4 ferma tikdirirdim və onları oğlum İntiqamın adına sənədləşdirdim. Bundan başqa, 2007-ci ildə Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirdim. 2008-ci ildə tikinti işlərini tamamlamaq üçün Bakıya gələrək "Texnikabank”dan 1 milyon dollar kredit götürmək üçün müraciət etdim. Bankın Bakı filialının müdiri Zal Yusifov fermanın sənədlərini girov qoymağımı istədi, elə də etdik. İntiqama guya, krediti götürməsinə dair sənədlərə qol çəkdirdi. Amma dedi ki, bankda nağd pul olmadığı üçün kreditin verilməsi gecikir, belə 3-4 ay keçdi. Mən də sənədləri geri qaytarmasını istədim, Zal Yusifov kredit borcunu ödədiyimizə dair arayış verdi, bu yolla notariusdan sənədləri geri aldıq və fermaları 1 milyon dollara satdım”.
 

Rasim Musayev: "Bahəddini incitməyin, nə söhbət varsa...”

B.Sultanov deyib ki, götürə bilmədikləri kreditə görə 2009-cu ildə oğlu ilə birlikdə MTN-ə çağırılıb və orada Vüsal Ələkbərov onu qəbul edib: "Vüsal məndən Masis rayonundan olduğumu deyib anasının da həmin rayonun Mehmandar kəndindən, qəssab Əlinin qızı olduğunu dedi. Atam Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını dedim. Vüsal da "Zal Yusifovla dövlətin pulunu alıb yeyəndə bilmirdiz belə olacaq?” deyib. Mən də faktiki olaraq kreditin götürülmədiyini deyib notariusdan borcun bağlanması haqda sənədi verdim. Vüsal onun mənasız kağız olduğunu dedi və 1 milyonu qaytarmağı tələb etdi. Mən də Rasim Musayevə vəziyyəti dedim. Həmin vaxt Gəncə Şəhər Polis İdarəsinin rəisi idi, amma onunla Binəqədidə rəis müavini olanda tanış olmuşduq. Rasim Musayev MTN-in İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng edib "Bahəddini incitməyin, nə söhbət varsa, danışıb həll edin” deyə tapşırdı. Sonra Vüsal məni çağırıb dedi ki, Mövlam Şıxəliyev Rasim Musayevin zəng etməsini nazirliyin rəhbərliyinə çatdırıb, onlar da işin həll olunması üçün 500 min dollar güzəşt edəcəklərini deyiblər. Mən yalnız 4-5 min manat hörmət edə biləcəyimi dedim. Vüsal "onda bizdən küsmə, nəticə yaxşı olmayacaq” dedi”.



Mövlam Şıxəliyev: "Sənə dedim axı bu ***-ni sal içəri”

B.Sultanovun sözlərinə görə, bundan sonra V.Ələkbərov bir-neçə dəfə də onu otağına çağırıb təhdid edib, krediti verməsə oğlu ilə birlikdə həbs ediləcəklərini deyib: "Bir dəfə onun otağında olanda Mövlam Şıxəliyev gəlib məni təhqir edərək krediti ödəməyimi tələb etdi. İyunun 15-də oğlum İntiqamı həbs etdilər, 10-15 gün sonra Vüsal məni çağırıb "rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni də içəri salaq”,- dedi. Həbs olunacağımdan qorxub Vüsaldan kömək istədim, o isə Mövlam Şəxliyevlə məsləhətləşməli olduğunu dedi. Getdi, sonra isə gəlib "Mövlam Şıxəliyev 360 min dollar istəyir, 10 min də mənə verməlisən, bunun o pula aidiyyatı yoxdur” dedi, razılaşdım. Qardaşım Mirzə Paşayevə zəng edib evdəki 250 min dolları götürüb, qohum, dost-tanışdan borc alıb 360 min düzəldib MTN-ə gətirməsini dedim. Vüsal dedi "pul gəlsin, səni buraxaq, oğlunu sonra buraxacağıq”, etiraz etmədim. Gecəni Vüsalın otağında gözlədim, səhər tezdən Mövlam Şıxəliyev otağa girib Vüsala "bunu hələ salmamısan içəri? Sənə dedim axı bu ***-ni sal içəri” dedi. Vüsal isə "rəis, gəlirlər, çatırlar” deyə cavab verdi”.

"Balamın canı üçün o puldan mənə bir qəpik də çatmır”

B.Sultanov qeyd edib ki, 360 min dollar generala verilsə də, polkovnik də özünün 10 min dollarını tələb edib və alıb: "Günorta saatlarında Mirzə kirvəm İbrahimlə MTN-ə gəldi, Vüsalın otağına girmədən uzaqdan mənlə salamlaşdılar. Vüsal onlara dedi ki, Mövlamın otağına getsinlər, özü də onlarla birgə getdi. Təxminən yarım saat sonra Mirzə ilə İbrahimi yola salıb mənim yanıma gəldi və "pulu Mövlam Şəxliyevə verdilər. "Bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, balamın canı üçün o puldan mənə bir qəpik də çatmır, mənim şirinliyimi də gətir”, -dedi. Saat 15-də məni buraxdı, dedi ki, 19:30-da pulu nazirliyə gətirim. Evə gedib pulu götürüb geri qayıtdım, nazirliyin qarşısında maşında gözləyirdim. Vüsal maşınla gəlib mənə ardıyca sürməyimi işarə etdi. Bir qədər gedəndən sonra saxladı, düşüb onun maşınında arxa oturacağa oturdum. Pulu Vüsala verəndən sonra "gələrsən, kağızını verərəm, gedib oğlunu götürərsən” dedi. İki gün sonra məni çağırıb İntiqamın həbsdən azad olunması haqda qərarı verdi. Bakı İstintaq Təcridxanasında gedib, İntiqamı çıxartdım. Onun işi Zal Yusifovla birgə məhkəməyə göndərildi, İntiqama 2 il şərti cəza verildi”.

Qeyd edək ki, hazırda V.Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

General R.Musayev 2013-cü ilin fevral ayının 2-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib. 3 sentyabr 2015-ci ildə Bakı şəhərində ürəktutmasından vəfat edib.

MediaFax