"BakuBus" – "Gecikmələr bizdən asılı olmayan səbəblərlə bağlıdır”
Bu gün qarlı-şaxtalı hava şəraitinə görə bir çox daşıyıcılar avtobusları xəttə buraxmayıb. Nəticədə isə dayanacaqlarda çox sayda insan soyuqda avtobus gözləmək məcburiyyətində qalıb. Bəzi küçə və prospektlərdə yollar buz bağladığından nəqliyyatın hərəkəti iflic olub. Xüsusən səhər saatlarında Zığ dairəsindən Gəncə prospekti istiqamətinə qalxan yolun buz bağlaması səbəbindən avtomobillərin hərəkəti tamamilə dayanıb.
Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə yolların buz bağlaması səbəbindən hətta "BakuBus”a məxsus 21 saylı avtobus marşrutu da yolda qalıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev saytımıza açıqlamasında faktı təsdiq edib. O qeyd edib ki, buna səbəb hava şəraiti ilə bağlı yolda yaranan tıxac və hərəkətin dayanması olub:
"Nəticədə 21 saylı marşrut avtobuslarının intervallarında ləngimələr yaranıb. İntervallarda baş verən ləngimələr konkret olaraq bizdən asılı olmayan səbəblərlə bağlıdır. Buna görə də 21 saylı marşrut avtobusları həmin sahədə yolun açılmasını gözləməyə məcbur olub. Yol açıldıqdan sonra isə interval adi qaydada təmin olunub”.
M.Piriyev qarlı havada bəzi sərnişinlərin əlavə problemlər yaratdığını da vurğulayıb:
"Hava şəraitini bəhanə edərək bəzi sərnişinlər ödəniş etmədən avtobuslara daxil olurlar, sürücülər üçün əlavə problemlər yaradırlar. Xahiş edirik hava şəraitini və real vəziyyəti nəzərə alaraq sürüclərin və sərnişindaaşıma xidmətinin kefiyyətli şəkildə fəaliyyətinə maneə yaratmasınlar. Əksinə anlayış göstərib lazım gələrsə ümumi işin xeyrinə köməklik etsinlər”.
Modern.az paytaxtın Gəncə prospektində yolun buz bağlaması səbəbindən "BakuBus”a məxsus 21 saylı avtobusun yolda qalması ilə bağlı sərnişinlərin göndərdiyi videogörüntünü təqdim edir:
MediaFax