Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama başlamazdan əvvəl vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı bir əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib.
Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 8 ədəd üzük, 4 ədəd sırğa cütü, 3 ədəd tək sırğa, 6 ədəd kulon, 2 ədəd sırğa-üzük dəsti, 28 ədəd boyunbağı, 2 ədəd qolbaq, 2 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti, 1 ədəd kulonlu boyunbağı və 1 ədəd qolçağı çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 203,41 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
MediaFax