Yaxın vaxtlarda bir neçə icra başçısının yerinin dəyişdirilməsi, bir neçəsinin isə ümumiyyətlə, vəzifədən kənarlaşdırılması ilə bağlı mətbuatda məlumatlar yayılmaqdadır.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, islahatlar çərçivəsində Binəqədi, Sabirabad, Bərdə, Oğuz, İsmayıllı, Quba rayon icra başçılarının vəzifədən uzaqlaşdırılması da var. Biləsuvar, Lənkəran, Daşkəsən, Qaradağ, Xətai, Sabunçu, Xəzər rayon icra başçılarının isə yerinin dəyişdirilməsi üzərində iş gedir.
Bu əsnada təbii ki, əsas diqqət ucqar rayon icra başçılarından hansının Bakıya gətirilməsi və bu işin öhtəsindən nə qədər gələ bilməsi dayanır. "Bakı rayonlarında icra başçısı olmaq böyük məsuliyyətdir” deyən mənbə bildirir ki, əsas diqqət Bakının Xətai Rayon icra başçısının dəyişdirilməsinə yönəlib.
Yaranmış vəziyyət Biləsuvar rayon icra başçısı Mahir Quliyevin uzun zamandı Bakı rayonlarından birinə icra başçısı gəlmək arzusunu qismən reallaşdırıb.
Binəqədi və Xətai rayonlarından birinin icra başçısı olmaq üçün illərdir çalışan Mahir Quliyevin Biləsuvar kimi bir kasıb rayonda işləmək istəmədiyi, hiss olunmayan etirazları yuxarılara çoxdan bəllidir.
Bizimxeber.az-ın məlumatına görə, dəfələrlə Biləsuvarda işləmək istəmədiyini bildirən Mahir Quliyevə Bakıdakı rayonlardan birinin həvalə olunması da risk hesab olunur. Balaca bir rayonun icra başçısını Xətai rayonuna gətirmək və idarəetməni ona həvalə etmək nə qədər mümkündür? İdarə edə biləcəkmi? Bu suallar hələ də açıq qalır. Balaca bir rayonda icra başçısı olmaqla, Xətai kimi 270 minə yaxın əhalisi olan paytaxt rayonunda rəhbər olmaq arasında böyük fərq var.
Mahir Quliyevin iş təcrübəsinə baxdıqda ortaya böyük və cavabsız suallar çıxır..
Diqqət edək!
Mahir Quliyev Naxçıvan universitetini bitirib. Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifələrin nədən ibarət olduğu qeyd olunmur. Yəqin ki, yüksək vəzifələr olmayıb ki, qeyd olunmur.
2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09.2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.
08.09.2006-26.04.2011-ci illərdə isə cəmi 105 minlik Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləyib. 2011-ci ildə əhalisinin sayı 100 min olmayan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Hazırda bu rayonun icra başçısıdır.
Haqqındakılardan da göründüyü kimi, Mahir Quliyevin iş təcrübəsi o qədər də əhatəli deyil. İcra başçısı postuna kimi ciddi vəzifələrin sahibi olmayıb. Astara və Biləsuvar rayonları isə Bakıdakı rayonlardan həm əhali, həm də ifrastruktur baxımından çox fərqlənir.
Üstəlik Xətai rayonu ərazisində yaşayan yüksək çinli məmurlar, biznesmenlərin olduğu rayonu idarə etmək asan da deyil. Mənbə bildirir ki, Mahir Quliyev uzun zamandır Bakıya təyinatla bağlı çalışsa da belə bir etimadı qazana bilmir. Ola bilsin ki, bu dəfə də ona bu etimadı tanımasınlar.
Daha bir namizəd…
Bakının Xətai rayon icra başçısı postuna daha bir namizəd Lənkəranın icra başçısı Taleh Qaraşovdur. Səhhətindəki problemlər onun Bakı rayonlarından birinə təyinatını uzatsa da, əslində onun iş təcrübəsi yetərlidir. Həmçinin bu təcrübəyə görə, Taleh Qaraşovun hələ də Bakı rayonlarının birinə təyin edilməməsində
Diqqət edək!
1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunu bitirmişdir. İxtisası inşaatçı-mühəndis və Politoloqdur.
1981-1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti” trestində mühəndis, 1982-1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983-1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986-1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
Siyasi idarəetmə sistemində kifayət qədər iş təcrübəsi olan Taleh Qaraşovun da Xətai rayon icra başçısı olmaq şansları var. Amma hələlik ona da belə bir etimad yoxdur.
Son illər başı səhhətinə qarışan T.Qaraşov Lənkəranın idarəedilməsində çətinlik çəkdiyi açıq görünür. Strateji rayonlardan sayılan Lənkəran əvvəlki illərə nisbətdə xeyli geriləyib. İnfrastrukturların yenilənməsi, iş yerlərinin açılması kimi məsələlər qismən arxa plana düşüb.
Ümumiyyətlə, rayonların idarəedilməsində icra başçılarının rolu kifayət qədər böyükdür. İcra başçısı rəhbəri olduğu rayonun problemlərini, əyri-əskiyini zamanında deməli, yuxarılara çatdırmalı, həlli üçün yollar axtarmalıdır. Bəzən icra başçıları hansısa səbəblərdən sosial problemləri, işzilərin sayını gizlətməyə çalışır ki, bu da daha böyük problemlərin yaranmasına gətirib çıxarır.
MediaFax