Bakının təmizlik problemi... - Fotolar

Dəfələrlə insanların Bakı küçələrini zibilləmələri, şəhərin müxtəlif yerlərində zibil qablarının yetərli sayda olmaması barədə mətbuatda yazılar dərc olunub.
 
Problem nə qədər qabardılsa da qismən öz həllini tapıb. Səbəb isə müxtəlifdir.

Bakının Naxçıvanski 88 ünvanında isə vəziyyət digərlərindən fərqlidir. Belə ki, burada yerləşən 88 nömrəli binanın sakinləri özləri, öz  yaşadıqları yeri necə deyərlər, zibilə qərq ediblər. Binanın yaxınlığında iki yerdə zibil qutuları qoyulsa da, sakinlər məişət tuallantılarını eyvanlarından, pəncələrələrindən aşağı atmağa üstünlük verirlər. 

Nəticədə isə binanın dörd tərəfi də zibil içərisindədir. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, hətta binanın arxasında yerləşən ağacların başı da zibillə doludur. Belə ki, binanın yuxarı mərtəbələrində yaşayan sakinlər zibili sellofana yığıb, pəncərədən atıblar və bu zibil ağacın budaqlarına keçərək, sallanan vəziyyətdə qalıb. Eyni zamanda 88 nömrəli binanın bloklarının da qarşısında, içərisində zibil əlindən tərpənməli deyil.

Ərazinin təmizliyinə baxan şəxslərlə söhbətimiz zamanı onlar bildirdilər ki, hər səhər təmizlik işləri aparsalar da, səhəri gün yenə vəziyyət eyni olur: "Hələ səhər indi açılıb, binanın qarşısında gözlə görüləcək qədər zibil var. Bir də axşam saatlarında bura baxın. Elə bil ki, binanın qarşısı zibilxanaya çevrilir. Dəfələrlə sakinlərə bununla bağlı iradımızı bildirsək də xeyri yoxdur. Ağacların başından sallanan zibillər külək əsəndə səkidə gedən insanların başlarına tökülür. Elə bu səkidən binanın öz sakinləri də istifadə edirlər. Öz zibilləri, özlərinin başlarına tökülsə də, bəziləri pəncərədən zibil atmaq xasiyyətlərini tərgitmir”.

Binanın sakini Qəzənfər Həmidovla söhbətimiz zamanı onun özü də təsdiqlədi ki, ətrafda yetərli sayda zibilxana var. Ancaq insanlar ora qədər getməyə ərinirlər: "Mən özüm də qonşulara dəfələrlə bu məsələ ilə bağlı iradımı bildirmişəm. Ancaq nəyin ki, binanın arxası, bloklara girsəniz, orada da zibil dolu sellofanları görərsiz. Bu, bizim özümüzün sağlamlığımıza zərərlidir. Ancaq anlayan yoxdur”.

Ekoloq Telman Zeynalov saytımıza bildirib ki, zibil məsələsi digər ölkələrdə də ağır problemlərdən biridir: "Qərb dövlətləri tullantıların idarə olunmasına bizdən tez başlasalar da, onlar da bu problemin həllinə nail ola bilməyiblər. Düşünürəm ki, məsələ ilə bağlı təkcə ictimaiyyətin deyil, dövlət qurumlarının da üzərinə ağır yük düşür. Əgər onlar prezidentin sərəncamlarını, Milli Məclisin qəbul etdikləri qərarları yerinə yetirsələr, vəziyyət bu cür olmaz. İcra hakimiyyəti, bələdiyyələr öz işlərini görümürlərsə, insanlarda da bununla bağlı məsuliyyət olmayacaq. Proseslərin sonunda zərbə millətin özünə dəyir. Tullantılardan doğru istifadə etməklə gəlir də əldə etmək olar. Dövlət bu sistemi yaradarsa, insanlar heç zibili küçəyə atmazlar. Təhvil verib, pulunu alar. Bu məsələdə məsul olan qurumlar var. Bələdiyyələr, binaların sədrləri, Mənzil-Kommunal İstismar Sahələri bu məsələdə cavabdehlik daşıyırlar. Tullantılarla bu ölkədə iş görülmür. Bir zamanlar Bakı meri Hacıbala Abutalıbov dayanacaqlarda gözlüklü, bahalı zibil qutuları qoydurmuşdu. Camaat da zibilləri müvafiq gözlüklərə atırdı. Ancaq zibil maşını gəlib, bu qabdakı zibillərin hamısını bir qutuya boşaldıb, aparırdı. Yəni ilk növbədə qurumlar özləri qoyduqları qanuna əməl etməlidirlər. Bakıda kağız, şüşə və digər tullantıları qəbul etmək üçün məntəqələr açılarsa, insanlar aparıb tullantılarını ora verərlər. Nəticədə Bakının zibil problemi də həll olunar”./musavat.com/
 





MediaFax