"Baku Bus” sərnişindaşıma şirkətinin yaradılmasından və Avropa Oyunları ərəfəsində paytaxta gətirilən müasir sərnişin avtobuslarının bu şirkət tərəfindən xətlərə buraxılmasından sonra sərnişindaşımada uzun illərdir hökm sürən bərbad vəziyyətin nəhayət aradan qalxacağına ümid yarandı.
Ancaq təəsüf ki, bu müasir avtobuslar hələlik paytaxtın cəmi bir neçə marşrut xəttində işləyir. Qalanların isə əksəriyyətində ənənəvi vəziyyət hökm sürür.
Paytaxt sakinləri xüsusən şəhərin mərkəzindən kənardakı xətlərdə işləyən natəmiz, salonu toz-torpaqlı, oturcaqları sınıq-salxaq avtobuslarla getməli olurlar. Hələ günün pik saatlarında, sərnişinlərin sıx olduğu vaxtlarda ağzına qədər dolu, qapılarından da sərnişin sallanan, normadan hədsiz artıq yüklənməyə görə yanı üstə əyilən avtobusları demirik. Hansı ki, bu, Bakının xüsusən ətraf qəsəbələrindən mərkəzə doğru hərəkət edən avtobuslar üçün adi, gündəlik mənzərədir.
"Oturanda elə bil çalaya düşürsən...”
Bakının marşrut avtobuslarının vəziyyəti barədə sərnişinlərdən bəzilərinin fikirlərini öyrəndik. Onlar "Baku Bus” və digər bir neçə marşrut xəttini çıxmaqla şəhərin demək olar ki, əksər marşrutlarında analoji vəziyyətlə qarşılaşdıqlarını deyirlər:
"Sabunçudan Günəşli qəsəbəsi istiqamətində hərəkət edən marşrutlar, xüsusən də, 40 saylı avtobus bərbad vəziyyətdədir. Elə Binəqədi -Gənclik istiqamətində hərəkət edən 133 saylı marşrutda, Qaraçuxur-Günəşli istiqamətində hərəkət edən 81 saylı marşrutda da oxşar vəziyyətdir. Oturacaqlar çirk içindədir, üzlüyü də cırıq-cırıq. Oturanda da elə bil çalaya düşürsən. Əl tutan yerlərdəki çirkabı görə bilmirik, kim bilir ora da mikrob qaynaşır...” – bunu virtualaz.org-a paytaxt sakini Rəhimə Mustafayeva deyir.
Digər bir şikayətçi isə toz və zir-zibillə yanaşı həm də avtobusun içərisində sidik iyinin gəlməsindən gileylənir. Onun sözlərinə görə, marşrutlar vaxtı-vaxtı təmizlənmədiyindən çirkab adamı iyrəndirir:
"Bir neçə həftə əvvəl 52 saylı marşruta mindim. Elə təzəcə oturmuşdum ki, kəskin sidik iyindən ürəyim bulandı. Qalxıb qarşıdakı oturacaqda əyləşdim. Gördüm ki, iy getmədi. Fikirləşdim ki, yəqin bu oturacaqdan da iy gəlir, bu dəfə keçib o biri cərgədəki sonuncu oturacaqda əyləşdim. Üç dəfə yerimi dəyişəndən sonra başa düşdüm ki, bu oturacaqlarla bağlı problem deyil. Bütün avtobus sidik iyi verir. Getdiyim yolu yarıda düşüb taksiyə mindim, amma hələ də o iyrənc qoxu burnumdan getməyib”, - deyə sərnişin bildirib.
Çirkli avtobus xəttə çıxarıla bilməz
Ekspertlər hesab edirlər ki, oturacaqların yuyulması, salonlarda dezinfeksiya işlərinin aparılması daşıyıcı şirkət rəhbərlərinin üzərinə düşən vəzifədir. Nəqliyyat vasitəsini idarə edən sürücü hər hansı problem olduqda rəhbərliyi məlumatlandırmalı, rəhbərlik isə həmin çatışmazlıqları aradan qaldırmalıdır.
Sərnişindaşıma qaydalarına görə, ictimai nəqliyyat vasitələri sanitar-gigiyenik qaydalara cavab verməli, avtobusların salonu təmiz olmalıdır. Sərnişindaşımada reyd keçirilən zaman oturacaların qaydasında olmadığı aşkarlanarsa, avtobus sürücüsü 50 manat cərimə oluna bilər. Çünki belə avtobuslar xəttə çıxarıla bilməz.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova isə bildirir ki, standartlara cavab verməyən marşrutlarla bağlı tələblər hazırlanır. Tədricən paytaxtın bütün marşrutları dəyişdirilərək təmiz və standartlara cavab verən nəqliyyat vasitələri ilə əvəz olunacaq:
"Daşıyıcı şirkətlərə indiyə qədər nəzarət çox zəif olub. Şirkətlər istədikləri kimi marşrut xəttinin yiyəsi olub, istədikləri marşrutu xəttə buraxıb, istədikləri yönümdə hərəkət edib, sərnişin axınını nəzər almayıblar. BNA-nın yarandığı vaxtdan hələ bir il keçməyib. Tərəfimizdən tək ətraf qəsəbələrdə deyil, mərkəzdə hərəkət edən marşrutlarda da texniki vəziyyət öyrənilir. Nasaz avtobus barədə məlumat Agentliyə daxil olan kimi dərhal tədbir görüb həmin marşrutu xətdən çıxarırıq. Ötən illərlə müqayisədə avtobusların yol verdiyi insan tələfatı ilə nəticələnən qəzaların sayı2 dəfə azalıb . Bu o deməkdir ki, avtobuslarda idarəetmə qabiliyyəti tam tənzimlənir”.
"Ən bərbad marşrutlar dəyişdirilir”
Agentlik rəsmisi problemlərin olmasını da inkar etmədi. Onun sözlərinə görə, hazırda ən bərbad vəziyyətdə olan daşıyıcı şirkətlərlə bağlı tədbir görülür:
"Təbii ki, problemlər var, amma biz daşıyıcı şirkətlərə deyə bilmərik ki, bir ilin içərisində bütün avtobusları satın və dəyişin. Çünki sahibkarın da büdcəsi, imkanlar nəzərə alınmalıdır. Bu həm də vaxt tələb edir. BNA hazırda ən bərbad vəziyyətdə olan avtobusların daşıyıcılarını dəyişir və ya onların qarşısına tələblər qoyur. Əgər Bakıda olan 2089 avtobusun hamısını birdən xətdən çıxarsaq şəhərdə xaos yaranar. Şirkətlər tədricən avtobusları dəyişirlər”, - deyə N. Allahyarova bildirib./virtualaz.org/
MediaFax