Bakının ən təhlükəli qəsəbəsi...

…Keşlədəki "Şanxay” qəsəbəsini Bakıda tanımayan az adam tapılar.
 
Ucuz mənzil almaq istəyənlər bu ünvana üz tuturlar, ucuz kirayə ev axtaranları bura göndərirlər. Elə yaşayışından, şəraitindən bezənlərə də şanxaydakıları nümunə göstərirlər, baxıb şükür etmək üçün…

"Jurnalistlər tez-tez soruşurlar: "həyatınızın təhlükədə olduğunu bilisinizmi”? Deyirəm, tək biz deyil, bütün Bakı şəraitimizdən xəbərdardır. Ölən də olub, yaralanan da, amma hər il bizi yola verirlər”.

Bunu bələdçimiz Nurlan Zeynalov deyir və əlavə edir ki, ötən ilin noyabrında düz bir ildən sonra dəmir yoluna bitişik evlərin söküləcəyini deyiblər. Sakinlər də səbirsizliklə noyabrı gözləyiblər. Dekabr noyabrı əvəzləyib, bəlli olub ki, sakinlərə ödəniləcək büdcənin təsdiqlənməsi 2017-ci ilin sonuna qalıb. "Bu noyabrlar bitib-tükənmək bilmir. Bizim taleyimiz Molla Nəsrəddinin yun satmaq lətifəsinə dönüb”, - Nurlan deyir.

"Şanxay”da - Nizami rayonu, Keşlə qəsəbəsi, Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir.

"20 ildən çoxdur burada yaşayıram. Amma son vaxtlar vəziyyət daha da çətinləşib. Qatar keçəndə ev silkələnir, vallah, hamamda çimməkdən də çəkinirəm. Fikirləşirəm ki, birdən ev uçar, biabır olaram”, - bunu isə Lalə Məmmədova söyləyir.

Onun yaşadığı ev dəmiryolu xəttinin təxminən 1 metrliyində yerləşir. Qatar keçərkən evin qapıları bağlanır, sanki həyat dayanır. 10-15 dəqiqə sonra qapılar açılır, hər kəs həyatına davam edir. Lalə xanım deyir ki, uşaqlar hər dəfə dərsə gedib gələndə əlləri ürəyinin üstündə yol gözləyir: "Bir uşağı qatar vurmuşdu. Yazır qulaqcıq taxıb mahnıya qulaq asırmış, qatarın fitini eşitməyib. Hər dəfə yalvarıram ki, burdan uzaqlaşmayana qədər telefona baxmayın, zənglərə cavab verməyin. Neyləyək, qaçmağa yerimiz yoxdur”.

Amma təhlükə bununla yekunlaşmır. Sakinlər zibili düz dəmiryolu relslərinin üzərində və ya lap yaxınlığında yandırırlar. Qatarlarda yanacaq daşınır, ani bir qığılcım dəhşətli partlayışa səbəb ola bilər. "Bələdiyyəyə zibil pulu ödəyirik, amma illərdir hələ bir sakin zibilin daşındığının şahidi olmayıb. Hamı zibili qapısının qarşısında yandırır. Maşını olanlar torbalara doldurub başqa ərazilərə atırlar. Bu boyda ərazidə bir zibil qutusu yoxdur”, - Lalə Məmmədova deyir.

Bəziləri isə zibili düz dəmiryolu relslərinin üstünə yığır. Relslərin üzərində butılkadan tutmuş, köhnə pal-paltara qədər, nə desən tapmaq mümkündür. Bir az içəriyə doğru üfunət iyindən nəfəs almaq mümkün deyil. Kanalizasiya sistemi olmadığından, çirkab birbaşa dəmiryolu relslərinin üzərinə axır. Siz hamamdan axan sabunlu suda üzən balıq içalatı təsvir edin. Vəziyyəti ifadə etməkdə söz belə aciz qalır.

Təhlükəli evlərin birində yaşayan Sevda xanım isə deyir ki, bu gecəqondunu alarkən dəllal ərazidən qatar keçmədiyini söyləyib. Evin pulunu verib, sonradan aldandığını başa düşsə də, əli heç yerə çatmayıb. "1960-cı ildən bu ərazidə yaşayanlar var. Amma dəmiryolunun lap yaxınlığındakı evlər sonradan tikilib, əsasən, kirayə vermək üçün nəzərdə tutulub. Sizin çətinliklə yeridiyiniz relslər üzərində bizim illərimiz keçir. Yayda, qışda çiyinlərimiz yük daşımaqdan əyilib”, - Sevda xanım bazardan aldığı ərzaq dolu torbaları göstərir.

Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. "Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mertdir.

"Bizə deyirlər ki, evləriniz qanunsuz tikilidir. Burda daşı daş üstünə qoyanda hər kəsin xəbəri olub, niyə vaxtında göz yumublar? Bütün kommunal xidmət haqlarını ödəyirik, təhlükəli şəraitdə qorxa-qorxa böyütdüyümüz oğulları hərbi xidmətə göndəririk. Bircə kompensasiya məsələsinə gələndə evlərin qanunsuz olduğu yada düşür”, - sakinlərdən biri gileylənir.

Amma qanunsuz tikililərə görə təkcə sakinlər deyil, əlaqədar orqanlar da günahkardır. Çünki qəsəbənin girişindəki dəmiryolu relslərinin bir addımlığında da gecəqondular tikilib. Üstəlik hər ay neçə-neçə yarıtikili peyda olur. Bu tikililər yalnız kirayə üçün nəzərdə tutulub. "8 aydır burda kirayə qalıram. Neyləyim, başqa çarəm yoxdur, ən ucuz evi burdan tapdım”, - kirayənişinlərdən biri deyir.

İki azyaşlı uşaq dəmiryolu relsinin üzərində evcik qurub, biri gəlinciyini geyindirir, digəri isə qurumuş otlardan yemək hazırlayır. Qadın həyəcanımızı görüb gülümsəyir: "Mən də ilk vaxtlar qorxurdum. Qatar uzaqdan görünən kimi evə giririk. Neyləyək, ev balacadır, uşaqların başqa əyləncəsi yoxdur”.

Bura hər gün yüzlərlə uşağın həyatı ilə oynadığı yerdir. Onlar Əzrayılla çiyin-çiyinə yaşamağa öyrəşiblər. Daha yerdəkilərdən əllərini üzüblər, tək ümidləri göydəkinə qalıb…/virtualaz.org/

MediaFax