Bakıdakı səfirliklər necə qorunur? - Fotolar

Dekabrın 19-da Ankarada sərgi salonunda Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.
 
A.Karlovu qətlə yetirən şəxs 22 yaşlı polis əməkdaşı olan Türkiyə vətəndaşı Mövlud Mərt Altıntaşdır.
 
Hadisə bütün dünyada geniş rezonans doğurdu. Belə bir hadisə üzərində müxtəlif fərziyyələr irəli sürüldü, mühafizəsiz gəzən rəsmilər ehtiyatlı davranmağa başladı. Səfirliklər mühafizə sistemini gücləndirdilər. Hətta bəziləri 1 həftəlik işi dayandırıblar.

Səfirə qarşı törədilən sui-qəsdən, ən inkişaf etmiş ölkələrdə baş verən terror hadisələrindən sonra terrorun nə qədər geniş bir əraziyə yayıldığının şahidi olduq.
 
Şükür ki, Azərbaycanda oxşar hadisələr baş vermir. Amma heç kim terrordan sığortalanmayıb. 

Bu səbəbdən də əməkdaşımız strateji obyekt hesab edilən və bənzər situasiyada iki ölkə arasında münasibətlərin pozula biləcəyi səfirliklərə baş çəkib.
 
İlk olaraq ölkəmizdə olan bir neçə səfirliyin mətbuat xidmətləri ilə əlaqə saxlamağa çalışdıq. Məlum hadisədən sonra hansısa əlavə təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsi ilə bağlı sual vermək istədik, amma istəyimiz baş tutmadı. 2 gün müxtəlif səfirliklərə zəng etsək də, ya dəstəyi götürən olmadı, ya da "bir azdan məlumat verəcəyik” dedilər. Sadəcə Fransa səfirliyi bildirdi ki, təhlükəsizlik baxımından bu barədə danışmaq istəmirlər. 
 
Bundan sonra isə vəziyyəti yaxından görmək üçün səfirlik binaları önünə getdik. İlk olaraq Rusiyanın Bakıdakı səfirliyinin önündə olduq. Səfirliyin girişində təmir işləri gedirdi. Mühafizə sistemi bayırda sadəcə bir neçə polis əməkdaşından ibarət idi. Bir də müşahidə kameraları... Diqqət çəkən tək məqam bayraqla bağlı idi. Belə ki, səfirlik ərazisində dalğalanan Rusiya bayrağı yarıya qədər aşağı endirilmişdi. 
 
Oradan ayrılıb Türkiyə səfirliyinə yola düşdük. Burada da ciddi mühafizəyə rast gəlmədik. Ya şəxsi əminlikdən, ya da Azərbaycana güvəndən səfirlik qeyri-adi mühafizəyə üstünlük verməyib. Ən azından kənardan belə görünürdü.
 
Dövlətlərarası siyasi münasibətlər özünü səfirliklərin qorunmasında da açıq-aşkar göstərir. Belə ki, növbəti baş çəkdiyimiz ünvanda - dünyada hegemonluq siyasəti aparan ABŞ-ın Bakıdakı səfirliyinin önündə olduqca sıx qoruma var idi. Səfirliyin yerləşdiyi küçədə bir neçə post-patrul maşını, polis əməkdaşları var. 

Bundan əlavə, səfirlik önündə kənar avtomobillərin dayanmamasına da xüsusi diqqət edilirdi. Binanı xüsusi geyimli, idmançı görkəmli şəxslər mühafizə edirdi. Ətrafa dörd bir yandan müşahidə kameraları ilə nəzarət edilir. 

Səfirliyə girmək üçün qeydiyyat və digər protokol qaydalarını bir kənara qoysaq, darvaza önündə xüsusi qalın sədd var. Ancaq içəridən basılan düymə sayəsində bu sədd enir və qapılar açılır. Mühafizəyə o qədər ciddi diqqət yetirilir ki, hətta bircə ədəd belə, foto çəkə bilmədiyimiz yeganə səfirlik bura oldu. Sona qədər mühafizənin diqqəti üzərimizdə qaldı.
 
Fransanın, həmçinin İtaliyanın Bakıdakı səfirliklərində də olduq. Burada qapı önündə ümumiyyətlə, mühafizəçi görmədik. Görünən odur ki, ölkəmizin bu hadisələrdən uzaq olması, lazımi orqanların yaxşı işləməsi səfirliklərə güvən verir./musavat.com/