Bakıda zəhərlənib ölən kamerunlulardan Xəbər var

Bakıda dəm qazından zəhərlənərək ölən kamerunluların meyitlərinə sahib çıxan yoxdur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) saytımıza verilən məlumata görə, hadisə Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında qeydə alınıb.

Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu, digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata, Nzemele Ezzambe və Nans Ekumdur.

Texniki Universitetin Xarici tələbələr üzrə dekanatlığının rəsmisi bildirib ki, dəm qazından dünyasını dəyişən tələbə 1997-ci il təvəllüdlü Nans Ekumdur. Hadisə barədə onun ailə üzvlərinə məlumat verilib. Valideynləri hadisədən bir neçə gün sonra onun meyitini Kameruna aparıblar.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov açıqlamasında meyitlərin harda saxlanıldığından xəbərsiz olduğunu deyib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz TibbiYardım Stansiyasının (BŞTTTYS) baş həkimi Rauf Nağıyev də bu haqda heç nə bilmədiyini bildirib.

Musavat.com-un əldə etdiyi məlumata görə, dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin burada qalma səbəbi Kamerundan olan 4 nəfərin ailəsinin maddi imkansızlıqdan Bakıya gələ bilməməsidir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib./modern.az/

MediaFax