Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yenicə abadlaşdırılan park sökülür.
Həmin küçədə nəqliyyat vasitələrinin hərəkətində yaranan sıxlığı aradan qaldırmaq üçün yol parkın ərazisi hesabına genişləndiriləcək.
Bu barədə saytımıza "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.
Daha əvvəl də həmin küçədə böyük ağaclar olan park var idi. İki il öncə Bakıda keçirilən Avropa Oyunları ərəfəsində ağacların bir hissəsi kəsilərək yerində fontan tikildi. İndi isə park tamamilə ləğv olunur və yolun ərazisi hər istiqamət üzrə bir zolaq genişləndirilir.
Doğrudur, həmin küçədə böyük tıxaclar olur və yolun genişləndirilməsinə ehtiyac var, amma park yeni təmir olunub və buna xeyli vəsait xərclənib. Yenicə abadlaşdırılmış parkın sökülərək yol salınmasının hansı zərurərtdən edildiyini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı./virtualaz.org/
MediaFax