Bakıda sürücüləri şərləyən fırıldaqçılar...

Dekabrın 30-da, saat 20:15 radələrində Bakıda Azadlıq prospektində müəmmalı hadisə baş verib. 

Bu barədə fırıldaqçı(lar)ın hədəfi olan sürücü - Fuad Məmmədov özü məlumat verib. F.Məmmədov hadisəni belə nəql edir: "Bir qadın yaxınlaşdı, özünü Aynur kimi təqdim etdi. Dedi ki, Bakıda heç kimim yoxdur, Qazaxdan gəlmişəm, pul kisəmi oğurlayıblar. Mən də insanlıq naminə şəxsi avtomobilimə əyləşməsinə icazə verdim ki, Qazağa yola salım. Qadın arxa oturacaqda əyləşdi, yol boyu ağlayıb-sızladı, ailəsindən danışdı. Və yolda önümə keçən 90-RK-049 dövlət nömrə nişanlı "Hyundai Elantra” markalı avtomobil qəfil tormozladı. İddia etdi ki, mən onun maşınını arxadan vurdum. Deyəndə ki, avtomobilimdə kamera var, mən sənin maşınını vurmamışam, tələsik avtomobilinə əyləşib uzaqlaşdı”.

Fuad Məmmədov saytımıza bildirib ki, bundan sonra qadına avtovağzaldan Qazağa yola salmağı təklif etsə də, о, "Azadlıq prospekti” metrostansiyasında yolpulu alaraq metro ilə getmək istədiyini bildirib və maşından düşüb.

Situasiya 90-RK-049 nömrəli avtomobilin sürücüsü ilə həmin qadının əlbir olması ehtimalını istisna etmir. Şübhə olunur ki, qadın sürücünün "başını qatması” üçün avtomobilə əyləşib, sürücü maşının vurulub-vurulmadığına baxmaq üçün enəndə o maşından qiymətli əşya oğurlaya bilərdi. Və ya kamera olmasaydı, hadisələr tam başqa cür cərəyan edə bilərdi – qadının "qohumu” "peyda ola bilərdi” və s. Hər bir halda, "Hyundai Elantra”nın sürücüsü qeyri-səmimi jestlərlə avtomobilinin vurulmasını iddia edərək pul almaq niyyətini ortaya qoyur./avtosfer.az/

MediaFax