Bakıda səsli işıqforlar quraşdırılır - Video

Bakıda "Ağ şəhər” layihəsi çərçivəsində "Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 3 km-ə yaxın əsas və kəsişən bir neçə küçədə aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
 
"Azəravtoyol" ASC-dən saytımıza verilən məlumata görə, tikinti Xəqani Rüstəmov küçəsinin 520 metrlik hissəsi, 1-ci Yaşıl ada küçəsinin 420 m-lik hissəsi, 2-ci Yaşıl ada küçəsinin 450 m-lik hissəsi və bu küçələrlə kəsişən və hər birinin uzunluğu 113 m olan 4 kiçik küçəsində aparılır.

Adı çəkilən küçələrdə köhnə yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb, əvəzində karbonat materialı tökülərək, kipləşdirilib və yeni yol yatağı inşa olunub, həmçinin zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib. Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Növbəti mərhələdə isə asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Layihə çərçivəsində küçələrdə 20 min kv.m piyada səkisi və yol ayrıcı inşa olunub, hazırda üzərlərinə tamet daşları döşənir. Səki və yolayrıcının kənarlarına ümumilikdə 15 min poqon metr qranit-mərmər səki daşı düzülüb. Bundan başqa, yolların kənarlarında (səkilərdə) 300-ə yaxın çinar və zeytun ağacı əkilib.

Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün müasir üslublu 500 ədəd yol işıqlandırma dirəkləri quraşdırılır. Bundan əlavə, şəhərsalma prinsiplərinə uyğun olaraq yolların kənarlarında (səkilərdə) fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli işıqforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq, həmçinin avtomaşınlar rahat parklaması üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub.

X.Rüstəmov küçəsinin Nobel prospekti ilə kəsişməsində layihələndirilən yeraltı piyada keçidində isə işlər tamamlanmaq üzrədir. Burada 220 m uzunluğunda qalereyanın tam tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə edilməklə tavanın üzlənməsi işləri davam aparılır. Bundan başqa, keçidə 8 ədəd çöl şəraiti üçün nəzərdə tutulan eskalator gətirilərək quraşdırılıb.

Qeyd edək ki, "Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur Layihəsi" çərçivəsində X.Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla ümumi uzunluğu 22,3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir. Yollar hər birinin eni 3,5 m olmaqla 2, 4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir.

Bundan başqa, layihə çərçivəsində iki ərazidə - X.Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsi ilə kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub./report.az/
 

MediaFax