Bakıda qəfil sökülən otel məmurun qohumunun imiş

Bakının Yusif Səfərov küçəsində yerləşən və hal-hazırda buldozerlər tərəfindən dağıdılaraq sökülən "Araz" mehmanxanası Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun qayınatasına məxsusdur.

Bunu saytımıza məlumatı mənbələr bildiriblər.

"Araz" mehmanxanası ilə birlikdə həmin ərazidə fəaliyyət göstərən mərmər sexi daxil olmaqla, bir neçə obyekt də sökülür ki, onların da Şahmar Mövsümovun qayınatasına məxsus olduğu bildirilir.

Üç hektarlıq həmin ərazidə yeni park salınacaq.

Şahidlərin hadisə yerində olan əməkdaşımıza bildirdiyinə görə, "Araz” otelinin sökülməsi o dərəcədə qəfil olub ki, otelin qonaqları belə buldozerlərin caynağından canlarını güclə qurtara biliblər. Qəfildən  gələn söküntü briqadası içəridəki əşyaların çıxarılmasına belə imkan verməyib. Xətai rayon İcra Hakimiyyətinin söküntü yerində olan əməkdaşları ancaq onu bildiriblər ki, otelin sahibinə obyektin söküləcəyi haqda xəbərdarlıq edilmişdi. Lakin onlar xəbərdarlığa baxmayaraq əşyalarını daşımayıblar. Bununla belə obyektin söküntüsü üçün məhkəmə qərarının olub-olmadığı açıqlanmayıb. Söküntü yerinə DİN-in vəzifəli əməkdaşları da gəlib və onlar jurnalistlərin ərazidən uzaqlaşdırılmasına göstəriş veriblər. Otelin sahiblərindən isə ərazidə heç kim gözə dəymir./virtualaz.org/

MediaFax