Özünü avtobusdan atdı, yoxsa açıq qapıdan yıxıldı? - Bakıda

İyulun 20-də Suraxanı qəsəbəsində Bakı şəhər sakini 1986-ci il təvəllüdlü Şükürova Sevil Ağa qızının Murtuza Qəhrəmanovun 104 saylı xətt üzrə idarə etdiyi "İsuzu” markalı avtobusdan özünü atdığı bildirilir.
 
Məlumatda bildirilir ki, o, avtobus hərəkətdə olarkən açıq qalmış qapıdan özünü atıb. Ağır xəsarətlər alan qadın 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S.Şükürova iyulun 28-də həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırmalar aparılır./lent.az/
 
P.S. Bakı şəhərində sərnişindaşımada olan nöqsanlar heç kəsə sirr deyil. Nöqsanların əksəriyyəti sürücülərin qanun-qaydanı pozması üzündən ortaya çıxır. Belə pozuntulardan biri də ictimai nəqliyyatı qaydalara zidd olaraq, qapısı açıq şəkildə idarə etməkdir. Sürücülərin avtobusu qapılarını bağlamadan hərəkətə gətirməsi nəticəsində indiyədək xeyli qayda pozuntusunun qeydə alınması, bu xəbərdə göstərilən ölüm faktının intihar olmasına əsaslı şübhələr yaradır. MediaFax olaraq ümid edirik ki, hüquq mühafizə orqanları məsələni dərindən araşdıracaq, qadının həqiqi ölüm səbəbini üzə çıxaracaqlar.

MediaFax