Bakıda növbəti Formula-1 yarışlarının Vaxtı açıqlandı

Gələn il Bakıda keçirilməsi nəzərdə tutulan Formula-1 yarışlarının tarixi bəlli olub.
 
Bunu mətbuata açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
 
N.Arpadarai bildirib ki, yarışların builki kimi iyunun 18-də başlanması nəzərdə tutulur:
 
"2017-ci ildə Bakı Formula-1 yarışları ilkin təqvimə görə, 18 iyunda keçiriləcək. Amma bu hələ tam dəqiq deyil. Son təqvim bu ilin dekabrın əvvəli bəlli olacaq.  Çünki texniki və digər səbəblərdən yarışın başlama tarixi dəyişə də bilər”
 
Nigar Arpadarai söyləyib ki, növbəti il yarışların keçirilməsinə hazırlıq işlərində həm vaxt, həm də maliyyə baxımından qənaət olunacaq:
 
 "Beləki, bu il yarış üçün quraşdırılan bir sıra avadanlıqlar hələ sökülməyib, bir sıra avadanlıqlar isə hazır vəziyyətdə anbarlarda saxlanılır. Yəni bu dəfə bu avadanlıqların quraşdırılması üçün vaxt və maliyyə sərf edilməyəcək”.
 
O, yarışın keçirildiyi ərazidə yol tikintisi məsələsinə də aydınlıq gətirib.  Qeyd edib ki, yalnız yarış trekinə düşən Niyazi küçəsində qəmbər daşları üzərindən kəçilmiş aslaft örtüyü sökülüb, yarış trekinə düşən Gənclər meydanı 1 küçəsi ərazisində isə qəmbər daşları üzərinə çəkilmiş asfalt örtüyü hələ də qalmaqdadır:
 
"Yəni yarış üçün yalnız Niyazi küçəsində qəmbər daşlarının üzərinə yenidən asfalt örtüyü çəkiləcək”.
 
Qurum rəsmisi bildirib ki, ötən yay Formula-1-in Bakıya gəlişi "Odlar ölkəsində, sürət zirvəsində” devizi ilə baş tutdu və bu yarış devizə uyğun olaraq reallaşdı:
 
"Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trekləri ilə müqayisədə Bakı şəhər halqasında ən yüksək sürət qeydə alındı”.

MediaFax